Bu gün Türkiyənin xarici diplomatiyasının əsas istiqamətlərindən birini ABŞ ilə münasibətlər təşkil edir. Ankara – Vaşinqton münasibətləri səciyyəvi xüsusiyyətə malikdir. Belə ki, tərəflər müttəfiqdir – NATO ölkələridir, Alyansın əsas oyunçularındandır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, tərəflər arasında iqtisadi əlaqələr də kifayət qədər yaxşıdır.
Bununla belə, iki ölkənin maraqlarının üst-üstə düşmədiyi kifayət qədər məqam var. Bunlara misal olaraq, Türkiyə və ABŞ-nin Cənubi Qafqaz, Şərqi Avropa, eləcə də Yaxın Şərqdəki maraqlarını göstərmək olar. Rəsmi Ankara adıçəkilən hər üç regionda sülh və sabitliyin təmin olunmasında maraqlıdır. Türkiyə Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir, Şərqi Avropada Ukrayna və Rusiyaya bərabər münasibət ortaya qoyur, Yaxın Şərqdə isə müharibənin dayanması üçün çalışır.
Türkiyədən fərqli olaraq ABŞ hər üç bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bunun iki səbəbi var. Birincisi, müxtəlif bölgələrdə özünün təsir imkanlarını artırmaq, ikincisi isə silah ticarətini gücləndirmək. Təsadüfi deyil ki, Ağ Ev sözügedən regionlarda tərəflərdən birini – Cənubi Qafqazda Ermənistanı, Şərqi Avropada Ukraynanı, Yaxın Şərqdə İsraili dəstəkləməklə mümkün sülhün qarşısını alır. Bu azmış kimi, terrorla mübarizədə də ABŞ Türkiyəyə istədiyi dəstəyi vermir. Əksinə, bəzi terror təşkilatlarına dəstək olmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır.
Bundan başqa, tərəflər arasında F-16 və F-35 qırıcı təyyarələri ilə bağlı məsələ hələ tam olaraq həllini tapmayıb. ABŞ bütün imkanları ilə F-35-lərin Türkiyəyə tədarükü məsələsini təxirə salmağa çalışır.
Ümumiyyətlə, tərəflər arasında münasibətlər bütün tarix boyu ziqzaqvarı formada inkişaf edib. Yəni ikitərəfli münasibətlərdə gah müsbət, gah da mənfi tendensiya müşahidə olunub. Münasibətlərinin ən çətin dövrü 1974-cü ildə – Türkiyə Şimali Kiprə qoşun çıxardıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq ABŞ bu ölkəyə silah tədarükünü dayandırdı. Ankara ABŞ Silahlı Qüvvələrinin öz ərazilərində NATO missiyaları ilə əlaqəli olmayan fəaliyyətlərini qadağan etdi.
Kipr məsələsi bir neçə il ABŞ-Türkiyə münasibətlərini korlamağa davam etdi. ABŞ Konqresi 1978-ci ildə Türkiyəyə qarşı silah embarqosunu ləğv etdikdən sonra ikitərəfli müdafiə əməkdaşlığının 1974-cü il səviyyəsinə qaytarılması iki il çəkdi.
1980-ci illərdə Türkiyə ilə ABŞ arasındakı münasibətlər tədricən bərpa olundu. ABŞ Konqresinin Kipr üzərində hərbi yardım tədarükünü məhdudlaşdırmaq cəhdləri və ABŞ-nin siyasətçiləri tərəfindən erməni soyqırımını qınaması Ankaranı hiddətləndirsə də, Turqut Özal hökuməti ümumiyyətlə Ronald Reyqan və Corc Herbert Uoker Buşun siyasətlərinə müsbət yanaşdı.
1991-ci ildə “soyuq müharibə” sona çatdı və Türkiyə liderləri ölkənin xarici siyasətini yenidən düşünməyə məcbur oldular. Sovet təhlükəsinin yoxa çıxması və ölkənin Avropa Birliyinə qoşulması ilə bağlı həll olunmamış problemli məsələ türklər arasında qeyri-müəyyənlik hissinə səbəb oldu. Turqut Özal Türkiyənin gələcək təhlükəsizliyinin ABŞ ilə ortaqlığın davam etməsi ilə sıx bağlı olduğuna inanırdı.
1991-ci ildə ABŞ-nin İraqı bombalamaq üçün Türkiyə hərbi obyektlərindən istifadəsini qadağan etməyi hədəfləyən bir sıra müharibə əleyhinə nümayişlər keçirildi. 1992 və 1993-cü illərdə ABŞ-nin Türkiyədəki obyektlərinə ara-sıra hücumlar edildi. Buna baxmayaraq, Türkiyədəki siyasi elita arasında ölkənin ABŞ-nin strateji müttəfiqi olaraq qalmasının faydalı olduğu barədə fikir birliyi var idi. Bu səbəbdən siyasətçilər Süleyman Dəmirəl və Tansu Çillər ABŞ prezidentləri Böyük Buş və Bill Klintonla əlaqələrini inkişaf etdirməyə davam etdilər. Beləliklə, 1995-ci ilin əvvəlində Türkiyənin ən güclü beynəlxalq bağları məhz ABŞ ilə olur.
2016-cı ildə ABŞ Türkiyədəki hərbi çevriliş cəhdini qınayır və mövcud Türkiyə hökumətini dəstəkləməyə davam edir.
ABŞ Konqresi 29 oktyabr 2019-cu il tarixində ABŞ-Türkiyə münasibətlərini bir qədər gərginləşdirən erməni soyqırımını tanıyan bir qərar qəbul edir. Həmin il 16 dekabr tarixində Türkiyə lideri R.T.Ərdoğan ölkə parlamentinin Amerika qitəsinin müstəmləkəçiliyi əsnasında ABŞ-nin yerli əhalisi olan hindlilərin soyqırımı ilə bağlı bir qərar qəbul edə biləcəyini bildirir.
2000-ci illərdə Türkiyə Amerika malları üçün vacib bir bazar olur. ABŞ-dən Türkiyəyə illik ixracat 2001-2011-ci illərdə 3261 milyon dollardan 16034 milyon dollara yüksəlir.
Bütün bunları xatırlatmaqda məqsədimiz Türkiyə və ABŞ-nin hazırkı ikitərəfli münasibətlərinin spesifikliyinə diqqət çəkməkdir. Təsadüfi deyil ki, Türkiyə rəsmiləri, demək olar, bütün çıxışlarda bu barədə danışırlar. Cari il sentyabrın 23-də ABŞ-də səfərdə olan R.T.Ərdoğan Nyu-Yorkdakı Türk Evini ziyarət edərkən dedi ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin ABŞ-yə yanaşması və yüksək səviyyəli dialoq dəyişməyəcək.
O bildirdi ki, Türkiyə NATO-nun əsas üzvlərindən biridir: “Eyni zamanda, Avropa İttifaqına üzvlüyə namizəd ölkəyik. Qərb dünyası ilə əlaqələrimizi gücləndirməklə yanaşı, Şərqdən də uzaqlaşmırıq. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi qurumlarla əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atmışıq”.
R.T.Ərdoğan, həmçinin söylədi ki, Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığı var: “ABŞ-dən olan dostlarımızla hər görüşdə deyirik ki, PKK, YPG, İŞİD, FETÖ kimi terror təşkilatlarına dəstəyi dayandırsınlar. ABŞ-nin Türkiyənin müdafiə sənayesi ilə bağlı irəli sürdüyü məhdudiyyətlər ikitərəfli etimad mühitinə mənfi təsir edir”.
Türkiyə lideri Ankara-Vaşinqton münasibətlərinin son vaxtlar müsbət templə inkişaf etdiyini də diqqətə çatdırıb.
ABŞ-dəkı prezident seçkilərində kimin – Demokratların, yaxud Respublikaçıların qalib gələcəyini indidən dəqiq demək çətindir. Amma prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, münasibətlər, yəqin ki, aşağı- yuxarı indiki templə davam edəcək. Ərdoğanın dediklərindən də belə qənaətə gəlmək olar.
Məsələ ondan ibarətdir ki, Türkiyə və ABŞ hakimiyyətləri bir-birinə lazım olduqlarını anlayırlar. Eyni zamanda, bir çox ziddiyyətli məsələ ilə bağlı heç biri geri addım atmır.
Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə ABŞ-nin maraqlarına ziddi olaraq Rusiyaya nəinki loyal münasibət bəsləyir, həm də lazım gələndə dəstəkləyir. Buna baxmayaraq, Vaşinqton Ankara ilə münasibətlərini davam və inkişaf etdirməkdə maraqlıdır. Niyə? Çünki ABŞ Türkiyənin onun üçün vacib partnyor olduğunu anlayır.
ABŞ-də gözlənilən prezident seçkilərindən sonra da ikitərəfli münasibətlərin əsas məsələləri, yəqin ki, yuxarıda sadalananlar olacaq. Yeganə fərq ondan ibarət olacaq ki, əgər Donald Trampın timsalında Respublikaçılar hakimiyyətə gəlsə, ABŞ-nin Rusiyaya münasibəti loyallaşacaq, perspektivdə Ukraynaya silah dəstəyi azalacaq və ya tamamilə dayandırılacaq. Bu variant da Ankaranın maraqlarına uyğun deyil.
Habelə, yenə də Türkiyə ABŞ-dən terrorçulara dəstəyini dayandırması çağırışını davam edəcək. ABŞ isə, çox güman, yenə də terror amilindən özünün NATO müttəfiqinə qarşı istifadə edəcək. Beləliklə, Ankara və Vaşinqton arasında “mehriban düşmənçilik” bundan sonra da davam edəcək.