“Ali təhsil müəssisələrində hər hansı vahid geyim forması yoxdursa, o zaman tələbə kəsimi geyim seçimində azaddır. Ancaq dünyada yazılmamış xüsusi qaydalar da var”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri universitetlərdə tələbələrin geyimini şərh edərkən dedi. Onun sözlərinə görə, universitetlərin bir parçası olmağı qəbul edən kəs həmin qaydalarla da ayaqlaşmalıdır:
“Hamının geyimi getdiyi mühitə uyğun olmalıdır. Bundan əvvəl də belə bir hadisələr yaşananda, yalnız burada qadağa qoyan tərəfi günahlandırıblar. Məsələn, ötən illəri ali təhsil müəssisələrinin birində saqqal, şortik qadağası olmuşdu. Məsələnin bir neçə istiqamətdən dəyərləndirilməsi var. Universitet müəyyən bir çərçivə qoyursa, deməli, bunun daxili qaydalar toplusu var və oranın bir üzvü həmin qaydalarla da ayaqlaşmalıdır. Məsələyə tədris, mənəvi, etik, daxili qayda-qanun tərəfdən baxışlar var. Ona görə də mən bu mövzunu kifayət qədər geniş mövzu hesab edirəm. Elə şəxs ola bilər ki, məsələnin yalnız mənəvi, etik tərəfini dəyərləndirə bilər. Deyər ki, geyim müəyyən bir mənəviyyat göstəricisi kimi uyğunsuzdur. Digər tərəf var, məsələyə əxlaq prizmasından deyil də, məkan geyim uyumu prizmasından baxa bilər. Yəni deyə bilər ki, məsələn, mən bir insanın, bir xanımın mini ətək geyməsinə çox normal baxıram, amma bu, məktəbdə, universitetdə olmamalıdır. Bu da onun baxışıdır, buna da hörmətlə yanaşmaq lazımdır. Digərləri mental tərəfdən baxa bilər. Mən isə məsələyə sırf təhsil prizmasından baxıram. Şəxsən mən bu prizmadan baxanda müəllimlə razıyam”.
Ekspert qeyd etdi ki, müəllimin buna qarışması onun məsələyə yanaşmasından irəli gəlir:
“Bu günləri təhsil mühitinin özünün geyimi də başqa olmalıdır. Xüsusilə söhbət tibbi təhsildən gedir. O öz kaloritini tələbənin bütün davranışında göstərməlidir. Çünki tibb fakültəsinin tələbəsi xalat geyinir, bunu bütün geyimlərdən üstün tutmalıdır. O ki, qaldı həmin müəllimə, biz artıq onu özünə buraxmalıyıq. Müəllim buna mənəvi, etik prizma, daxili qayda-qanunu prizma və üçüncüsü mental prizmadana baxa bilər. Üç-dörd müəllim buna universitet və geyim, təhsil məkanı və geyim uyuşması prizmasından baxacaq. Nəticədə hansı prizmadan baxılacaqsa, bu, hər müəllimin öz yanaşmasından asılıdır”.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.