Adını belə bilmədiyi təşkilat zəng edib krediti olduğunu dedi, sən demə… – ŞİKAYƏTbackend

Adını belə bilmədiyi təşkilat zəng edib krediti olduğunu dedi, sən demə… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt sakini Elvin Məmmədov Bank Olmayan Kredit Təşkilatı (BOKT)“Azpulmat”-dan saytımıza şikayət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, ölkə.Az-a müraciət edən vətəndaş bildirib ki, heç vaxt adını belə eşitmədiyi təşkilat ona zəng edərək borcunu ödəməsini tələb edir:

“Mənə Azərbaycan nömrəsindən zəng edərək, ad-soyadımı, təvəllüdümü deyirlər və bildirirlər ki, kredit borcum var. Zəng edən xanım idi. Deyir ki, guya anamla da danışıb və o da krediti ödəyəcəyimizi deyib.

“Agpul”dur nədir, elə bir təşkilatın adını çəkir və bildirir ki, kreditin 34 gün gecikməsi var və 36 manat borc yığılıb.

Dedim nə kredit, sizin kiminlə danışdığınızdan xəbəriniz varmı? Deyir, bəli, Elvin Məmmədovla. Soruşuram ki, şəxsi məlumatlarım sizdə haradandır? Xanım dirəşib ki, mənimlə dəfələrlə danışıb və mən də pulu ödəyəcəyimi demişəm. Qeyd edir ki, saqqallı oğlanam. Halbuki heç vaxt həmin təşkilatdan pul götürməmişəm”.

Qısa bir araşdırmadan sonra şikayətçinin verdiyi nömrənin “Azpulmat”a aid olduğu üzə çıxdı.

E.Məmmədovun müraciətindən sonra məsələni aydınlaşdırmaq üçün “Azpulmat”la əlaqə saxladıq. Şirkətin Nahid adlı operatoru şikayətçinin nömrəsini sistemdə yoxladıqdan sonra bildirdi ki, Məmmədov Elvin Tofiq oğlu adına kredit var. Borcun məbləğini və s. deməyə ixtiyarının olmadığını deyən vətəndaş əlavə borclunun fiziki əlamətlərini sadaladı və sonuncu dəfə sistemə yükləmək üçün necə şəkil çəkdirdiyini də təsvir elədi.

Sözügedən təşkilatdan kredit götürmək üçün SİMA tətbiqinə keçid edildiyini və mobil nömrəyə təsdiq kodu göndərildiyini bildirdilər.
Daha sonra məsələni aydınlaşdırmaq üçün yenidən E.Məmmədovla əlaqə saxladıq. O isə atasının adının Tofiq yox, İxtiyar olduğunu söylədi. Danışığımız zamanı o da aydın oldu ki, borclu olduğu deyilən şəxslə şikayətçinin fiziki əlamətlərində fərqliliklər var.

Ata adındakı fərqə görə şirkətə zəng edən Elvin Məmmədovun Ölkə.Az-a verdiyi məlumata görə söhbət zamanı onu təvəllüdü eyni olan başqa Elvin Məmmədovla qarışdırdıqlarını deyiblər. Şirkət şikayətçidən üzr istəyərək, artıq ona zəng etmyəcəklərini bildirib.

Problem həllini tapsa da, təşkilatın mobil nömrənin necə səhv salması qaranlıq qalıb.