İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək mexanizm vasitəsilə 5512 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1126-sı cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.
Satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib.
Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
Əhalinin bir çoxunun bu mexanizmdən istifadə imkanının olmadığı nəzərə alınaraq, kirayə üsulu ilə mənzil satışının şərtlərini sadələşdirmək mümkündür? Rəsmi iş yeri olmayan, amma qazancı olan vətəndaşların da ev alması üçün hansı şərtlər dəyişdirlə bilər?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ipotikadan fərqli olaraq İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satılan mənzillərin ilkin ödəniş məbləği xeyli əlçatandır:
“Əgər vətəndaş ipoteka yolu ilə mənzil alırsa, onun ilkin ödənişi ümumi məbləğin 15 faizini təşkil edir. Orta hesabla Bakıda 100 min manatdan aşağı əmlak tapmaq çətindir. Amma kirayə üsülu ilə satılan mənzillərin 1 illik kirayə pulunu öncədən ödəmək kifayətdir.
Bu, orta hesabla 5 min manatdan başlayaraq 7 min manata qədər dəyişir. Əlbəttə, mənzilin sahəsi və yerindən asılı olaraq qiymət də fərqlənir. Bu mexanizm sadə olduğuna görə vətəndaşlar sözügedən şərtlərlə əmlak almaqda maraqlıdırlar”.
Ekspert qeyd edib ki, kirayə üsulu ilə mənzillər tam şəffaf şəkildə satılır: “Bir vətəndaş rəsmi gəlirlərini sübut edə bilirsə, bu mexanizmdən yararlana bilir. Mənzil rəsmi gəliri olmayan şəxsə satılarsa, gələcəkdə vətəndaş evin ödənişini edə bilməsə, evi əlindən alınacaq. Dövlət bu problemlərlə üzləşməmək üçün daha əlçatan şərtlərlə, amma rəsmi iş yeri olan vətəndaşlara güzəştli şərtlərlə mənzillər satır”.
O qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondu yaxın vaxtlarda güzəştli şərtlərlə ev satmaqda çətinlik çəkəcək:
“Buna səbəb hər il daşınmaz əmlak bazarında qiymətlərin kəskin artmasıdır. Buna görə də İpoteka və Kredit Zəmanət Fondunun vətəndaşlara güzəştli şərtlərlə satılacaq daşınmaz əmlakı tapması xeyli çətin olacaq. Yalnız paytaxtdan kənardakı ərazilərdə müəyyən güzəştli şərtlərlə mənzillər sata biləcək”.