“Bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan COP29-a qədər sazişi imzalamağa hazır olduğunu beynəlxalq ictimaiyyətə çatdırıb. Görünən odur ki, Ermənistan hakimiyyəti konstitusiya məhkəməsinin qərarı ilə qondarma “miatsum”dan imtina edərək “Bakının konstitusiyada təhlükə kimi gördüyü məsələnin həll edildiyi” və “sazişin imzalanması önündə maneənin qalmadığı” rəyini yaratmağa çalışır”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın çox təkidlə üzərində durduğu məsələ Ermənistanın konstitusiya dəyişikliyi edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsinin qarşısının alınmasıdır:
“Çünki buna əsaslı səbəbləri var. Ermənistan ərazi iddiası etmədiyini irəli sürərək konstitusiyasına düzəliş etmədən sülh müqaviləsi imzalamaq istəyi ilə çıxış edir. Lakin dövlətimiz haqlı olaraq bundan imtina edə bilər. Çünki Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, hakimiyyətə gələn yeni kadrlar bu bəndləri əsas götürərək ölkəmizə qarşı yenidən müharibəyə başlaya bilərlər. Bu vəziyyətin baş verməməsi üçün Ermənistan konstitusiya dəyişikliyi etməlidir. Nikol Paşinyanın bu gün sülh istiqamətində verdiyi açıqlamalar ictimaiyyəti məşğul etməyə hesablanıb.
COP29-a qədər Ermənistan Azərbaycanın tələblərini qəbul edərsə, iki ölkə arasında sülh müqaviləsi təbii ki, imzalana bilər. Digər tərəfdən anlaşılandır ki, referenduma getmək də elə asan, qısa müddətdə baş verəcək proses deyil. COP29-a da az müddət qalıb. Ermənistan hakimiyyəti ən azından prosesə başlasa, sülh müqaviləsi imzalanana kimi Ermənistan da sülhpərəst mövqeyini nümayiş etdirmiş olar. Əks halda Ermənistanın sülh müqaviləsi haqda olan açıqlamaları söz oyunundan başqa bir şey deyil. Həmçinin, Ermənistan konstitusiyasına görə konstitusiyaya zidd olan sazişlər ratifikasiya edilə bilməz. Sülh sazişini imzaladıqdan sonra Ermənistan hakimiyyəti onun konstitusiyaya uyğunluğunu aydınlaşdırmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişinin konstitusiyaya zidd olduğuna qərar versə, o zaman müqavilə qüvvəyə minməyəcək. Bu səbəbdən Ermənistan hakimiyyəti öncə daxili əngəlləri aradan qaldırmalıdır”.