Sarkisyan və Köçəryan Bakıya təhvil verilir? – “Cavab verməli olacaqlar”backend

Sarkisyan və Köçəryan Bakıya təhvil verilir? – “Cavab verməli olacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatında Birinci Qarabağ müharibəsi zamanı separatçı silahlı dəstələrə başçılıq etmiş və müharibə cinayətləri törədən liderlərin mühakimə olunması ilə bağlı xəbərlər dolaşır. Sözügedən mövzunun başında isə müharibə vaxtı separatçı qüvvələrə, daha sonra isə Ermənistan hakimiyyətinə rəhbərlik etmiş Robert Köçəryan və Serj Sarkisyan dayanır.

Paşinyana müxalif olan bir sıra mənbələr açıq-aşkar bildirir ki, baş nazir həm hakimiyyətini sığortalamaq, həm də Azərbaycanla münasibətlərdə dönüş nöqtəsi yaratmaq üçün hər iki keçmiş lideri Bakıya təhvil verə bilər.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, erməni mətbuatının bu məsələ ilə bağlı fəaliyyəti, Azərbaycan Prezidentinin son çıxışları ilə paralellik təşkil edir: 

“İddiaların əksəriyyəti daha çox daxili siyasi mübarizə üçün istifadə oluna bilər. Onların əksəriyyətinin həqiqətə uyğunluğu ciddi şübhə altındadır və hansısa əsası yoxdur. O cümlədən, bu mövzuya toxunulması və sözügedən iddianın səsləndirilməsi də sırf onunla bağlıdır ki, bir neçə gün öncə Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransa ünvanladığı müraciətində itkin düşmüş şəxslər, hərbi cinayətlər kimi məsələlərə toxunmuşdu. Ermənistan hökumətinin də əslində, bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu xüsusi qeyd etmişdi”.

Politoloqun fikrincə, Azərbaycan vaxtilə ərazilərimizdə müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ciddi addımlar atır:

“Prezident qeyd etmişdi ki, əgər Ermənistan beynəlxalq hüquqa hörmət etsəydi, nəinki onların heykəlləri ucaldılmalı, əksinə, əli müharibə cinayətlərinə bulaşmış şəxslərin əksəriyyəti müttəhim kürsüsündə oturmalı idi. Məhz bu fikirləri Ermənistan mətbuatında müxalifət Paşinyana qarşı tezis kimi istifadə edilir. Təbii ki, Azərbaycan bu məsələlərlə bağlı öz mövqeyini ifadə edib və xalqımıza qarşı son 30 ildə cinayətlər törətmiş hər bir şəxsin öz əməlinə görə məsuliyyətə cəlb olunmasına çalışacaq. Məncə, Ermənistanın hər iki cinayətkar rəhbəri nə vaxtsa cavab verməli olacaqlar”.