Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.
Əhməd Əhnədovun vəkili Sənan Hüseynov bildirib ki, prosesdə Əhmədin istintaqa verdiyi ifadəsi elan olunub.
Bununla yanaşı, hüquqi varislər sərbəst ifadə verib.
Vəkil deyib ki, zərərçəkmiş şəxslərin hüquqi varislərinin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.
Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.