Müasir dövrdə demək olar ki, hər bir vətəndaş müxtəlif bank kartlarından istifadə edir. Bu hər nə qədər rahat üsul olsa da lakin vətəndaşlar bəzi hallarda öz bank kartlarını itirirlər. Əvvəllər belə hal baş verəndə kartın kodunu bilmədikdə ondan istifadə etmək olmurdu ki, bu da kartdan istifadəni mümkünsüz edirdi. Kartını itirən vətəndaş da müəyyən qədər rahat olurdu bu baxımdan. Lakin indi bir çox yollarla həmin kartda olan puldan istifadə etmək olar.
Məsələn mağazada və ya restoranda post terminal vasitəsilə ödəniş edilə bilər və s.
Bəs belə olan hallarda vətəndaşlar nə etməlidirlər?
NOCOMMENT.az xəbər verir ki, bu haqda hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında danışıb.
“Hazırda bütün bankların öz mobil tətbiqləri mövcuddur. Kartı itən şəxslər birinci növbədə həmin mobil tətbiqlər vasitəsilə kartlarının bloklanmasını təmin etməlidirlər. Qeyd edim ki, mobil tətbiqi olmayan vətəndaşlar isə kartın məxsus olduğu bankın onlayn çağrı mərkəzi ilə əlaqə saxlayaraq onların müvafiq suallarını cavablandırmaqla kartın bloklanmasını təmin edə bilərlər. Kart bloklandıqdan sonra yenə də onun hesabından pul çıxılarsa, yaxınlıqdakı polis idarəsinə getməklə ərizə təqdim etməlidirlər və operativliyin təmin olunması üçün ən azından kartın üzərində olan 16 rəqəmi, CVV və kartın qüvvədə olma tarixini polisə dəqiqliklə bildirməlidir”.
Hüquqşünas bildirib ki, digər bir yolla da itmiş kartdan pulun başqası tərəfindən istifadə olunmamasını təmin etmək olar.
“Kartlarda müəyyən ödəniş limiti olur və bu limiti vətəndaş özü təyin edə bilir. Bəzi vətəndaşlar bu limiti böyük rəqəmlər qoyur ki, bu da kartdan rahatlıqla pul çıxılmasına gətirib çıxarır. Lakin kartın limiti 5-10 manat cıvarı qoyulsa, bundan böyük məbləğdə ödəniş edilmək istədikdə dördrəqəmli doğrulama kodu tələb edilir. Bu kod yazılmadıqda isə kartdan onlayn ödəniş etmək mümkün olmur”.