Hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Balakən Dəmiryol Stansiyasından Gürcüstanla sərhəddəki Siteli-Sigaro Dəmir Yol Stansiyasına qədər məsafə isə 25-30 km-dir. Demək, cəmi 25 km-lik bir dəmir yolu xətti çəkməklə ölkəmiz Bakı – Balakən –Siteli-Sigaro – Tbilisi (550 km) kimi daha bir alternativ marşrut əldə etmiş olur.
Maraqlıdır, Bakı – Balakən –Tbilisi dəmir yolu layihəsi reallaşa bilərmi? Bakı-Balakən qatarı nə zaman işləməyə başlayacaq?
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, belə bir strateji alternativ xətt yükdaşıma və sərnişindaşımada dayanıqlılığın gücləndirilməsi ilə yanaşı, həm də regionun inkişafına xeyli müsbət təsir göstərə bilər.
O.Gündüz bildirib ki, ADY rəhbərliyi məhz Yevlax-Balakən dəmir yol infrastrukturunun bərpası ilə bağlı bir neçə dəfə açıqlamalar verib:
“Ötən görüşdə də bu istiqamətdə işlərin sürətlə davam etdirildiyi, relslərin dəyişdirildiyi və yol işlərinin aparıldığı bildirilib. İşlərin başa çatmaqda olduğu deyilib.Ümid edirəm, yaxın vaxtlarda ADY Bakı-Balakən istiqamətində bərpa işlərini başa çatdıracaq və 5 ildir, işləməyən Bakı-Balakən dəmir yol marşrutunu işə salacaq”.
AİF prezidenti təklif edib ki, qatarların sürəti 40 km/saat artırılsın:
“Hazırda Bakı – Balakən marşrutunun Yevlaxadək olan hissəsi tam işlək vəziyyətdədir. Yevlax –Balakən dəmiyolunun uzunluğu isə 160 km-dir. Məhz uzun illər bərbad vəziyyətdə olan sahədə bu xətt olub. Burada qatarın orta sürəti həmişə 35-40 km/saat olub. Elə vaxtlar olub ki, mən Şəki Stansiyasında qatardan düşüb Balakənə avtomobillə getmişəm və daha tez çatmışam. Əslində, düşünürəm ki, indiki zamanda bu hissədə dəmir yol xəttinin keçdiyi relyefi nəzərə alsaq, daha böyük sürətlərə çatmağı hədəfləmək, mövcud dəmiryol stansiyalarını tam olaraq yenidən qurmağı planlamaq da doğru olmaz. Bunlar daha böyük investisiyalar və daha böyük zaman tələb edir.Fikrimcə, Yevlax-Balakən hissəsində indiki anda 80 km/saat sürət də məqbul ola bilər. Eyni zamanda, bu regiondakı yetərincə böyük dəmir yol stansiyalarının əvəzinə, modul tipli, daha modern, kiçik xidmət mərkəzləri işə salmaq olar”.