Yaxın 5 ildə geosiyasi münaqişələrin təsirindən qlobal iqtisadiyyatın 14,5 trilyon dollar zərər çəkə biləcəyi proqnozlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən sığorta və təkrarsığorta şirkəti “Lloyd’s” tərəfindən hazırlanan “Geosiyasi Münaqişə” ssenarisində deyilir.
Araşdırmaya görə, dünyada idxal və ixracın 80 faizi dəniz yolu ilə həyata keçirilir. Bu da təxminən 11 milyard ton məhsul deməkdir.
Qeyd edilib ki, dünyada münaqişə nəticəsində mühüm ticarət yollarının bağlanması ehtimalı iqtisadiyyat üçün ən böyük təhlükələrdən biri kimi önə çıxır. Bu ssenari baş verərsə, qlobal iqtisadiyyat qarşıdakı 5 ildə 14,5 trilyon dollar zərər görəcək.
Şirkət geosiyasi gərginliklər səbəbindən qlobal ticarət şəbəkələrinin yenidən təşkili zərurətinin yaranacağını gözləyir.