“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır“.
NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Bəs ölkədə kərə yağı niyə baha qiymətə satılır?” sualına ekspert bu cür cavab verib:
“Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.
Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı.
Niyə bahadır? Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır.
Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır.
Rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır, bizdə Antiinhisar qurumları topdan yox, pərakəndə satanlarla, güya, “mübarizə” aparırlar, hələ orda da vəziyyət başqadır – iri holdinglərə məxsus marketlər şəbəkələrinə dəymirlər-dəyə bilmirlər, arada gedib məhəllədə kiçik dükanı olanlara ilişirlər”.