Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bu barədə məlumat verib. O bildirib ki, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
NOCOMMENT.az xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında qurumun Çağrı Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib:
“Qaynar xəttin fəaliyyət göstərməsi müsbət haldır. Əvvəllər sərnişinlər şikayətlərini hansı ünvana edəcəklərini, haraya zəng edəcəklərini bilmirdilər. İndi təklif və şikayətlərini qısa nömrəyə zəng etməklə bildirə bilərlər.
Təklif edilir ki, taksilərin avtobus zolaqları ilə hərəkətinə icazə verilsin. Dünya ölkələrində belə bir təcrübə yoxdur. Çünki taksi sayı çoxdur, onların avtobus zolaqlarında hərəkəti avtobuslara maneə yaradacaq və sui-istifadə hallarını artıracaq.
Bakıda avtobus zolaqları şəbəkəsi tam çəkilməyib, bəzi yerlərdə zolaqlar kəsilir. Fikrimcə, taksilərin avtobus zolaqlarında hərəkət etməsi düzgün deyil. Operativ nəqliyyat vasitələri – təcili yardım, yanğın söndürən maşınlar, polis maşınları da avtobus zolaqları ilə hərəkət edə bilər. Taksilərin də oraya daxil olması sıxlıq yaradacaq və ictimai nəqliyyatın hərəkətinə mane olacaq”.