Bildiyimiz kimi, 6 fevral 2023-cü ildə Türkiyədə “Əsrin fəlakəti” adlandırılan zəlzələ baş verdi.
Zəlzələ nəticəsində on minlərlə insan həlak oldu, milyonlarla insan isə zərər çəkdi.
Xatırladaq ki, həmin vaxtlarda zəlzələnin bu qədər itkiylə nəticələnməsinin səbəblərindən biri kimi binaların keyfiyyətsiz, ən əsası isə sıx tikilməsi idi.
Təəsüflər olsun ki, binalar arasındakı ara məsafəsinin gözlənilməməsi və sıxlıq bizim ölkədə də müşahidə olunur. Hansı ki, bu məsələ Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir
Şərtlərə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Yəni binanın karkası 40-60 metr hündürlükdə olursa, ortalama ədəd olaraq binalar arasındakı məsafə təqribən 30 metr olmalıdır.
Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur.
Bəs, bu qaydalar niyə gözlənilmir? Getdikcə sayı çoxalan binaların tikinti normalarına cavabdeh olan qurumlar müvafiq tələbləri niyə görməzdən gəlirlər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev ilk olaraq binaların sıx tikilməsinin səbəblərini açıqlayıb.
O, deyib ki, 2018-ci ilə qədər çoxmənzilli binaların tikilməsiylə bağlı icazə və sərəncamları rayon icra hakimiyyətləri verirdi, bu da binalararası məsafələrin pozulmasına səbəb olurdu:
“2018-ci ildən sonra isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaranmasıyla yeni tikilən binalar arasında məsafə, binaların həyətyanı yaşıllıq sahələri mütləq nəzərdə tutulur, tikinti şirkətləri yalnız bu normativlərlə iş görə bilir”.
Binaların sıx tikilməsinin hansı mənfi nəticələri var?
Ekspert deyib ki, binaların sıx tikilməsi, avtomobil yollarının əhalinin sayına görə daha az, dar olması nəticəsində yanğın, subasma və s hadisələr zamanı həmin yerə xilasedicilərin, təcili tibbi yardım avtomobillərinin vaxtında çatmasıyla bağlı problem yaranır:
“Mənzil alarkən nəzərə almaq lazımdır ki, fövqəladə hallar zamanı evakuasiya və digər normativlər qoruna bilsin”.
Elnur Fərzəliyev istismar müddəti bitmiş binalar barəsində də danışıb.
Onun sözlərinə görə paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları var:
“Onların bir hissəsi qəzalı kimi qeydə alınıb. Belə binaların yerləşməsi vətəndaşlar üçün daha əlverişli olsa da, böyük hissəsi istismar müddətini bitirdiyinə görə yaxın gələcəkdə sökülməsi nəzərdə tutulub. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən, Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətə olan binaların sökülməsinə başlanıldı və proses hələ də davam edir.
Bundan əlavə, ötən ilin dekabrından Bakı şəhərinin Baş planı təsdiqləndi. Buna görə də bu il köhnə binalar yeni tikili binalarm, yollar, körpülər, infrastrukturlarla əvəzlənəcək. Bu baxımdan vətəndaşlar mənzil alarkən binanın yaşına və keyfiyyətinə nəzər yetirməlidirlər”.