Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib. Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının, şəhid olmuş və və dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
NOCOMMENT.az xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatıldıqları konfransda MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqləri ilə çıxış edib, müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirlərindəki ayrı-ayrı məqamlar üzərində dayanılıb və bildirilib ki, ölkə mediasının və jurnalistlərin bu kimi qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşması, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməsi son dərəcə vacibdir, günün təxirəsalınmaz tələbidir.
Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.
Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb. MŞ İdarə Heyətinin üzvləri – Technote Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər.
Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.
Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı xüsusilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Tövisyələrdə, həmçinin, sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən, yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb və bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.
Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda 2024-cü il oktyabrın 11-də keçirdiyi konfransının nəticəsi alaraq aşağıdakıları tövsiyə edir:
Ümumi müddəalar
- Jurnalistlər məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoymadan, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsaslanmalı, ilk növbədə, dəqiq, qərəzsiz və tərəfsiz olmalı, ayrı-seçkiliyə yol verməməli, informasiya mənbələrinin məxfiliyini qorumalı, şəxsi həyatın toxunulmazlığına, müəllif hüquqlarına hörmətlə yanaşmalıdırlar. Bu cəhətlər informasiya istehsalçısı missiyasına sadiqlikdir, eyni zamanda, operativ şəkildə düzgün məlumatların yayılması dezinformasiyaya qarşı ən effektiv vasitədir;
- Yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərini nəzərə alaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsi günümüzün aktual tələbidir. Dezinformasiyaya qarşı mübarizə, etibarlı məlumatın təmin edilməsi üçün məlumatların yoxlanılmasına ciddi fikir verilməlidir. Yanlış və yalan məlumatlandırma, süni sensasiya yaratmaq meylləri, birtərəfli təqdimatlar və digər jurnalist etikasına zidd hallar yolverilməzdir;
- Dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmaq və beynəlxalq jurnalistikada xüsusilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların (araşdırma, elmi və vətəndaş jurnalistikası, multimedia, konvergensiya, hipermətn və s.) mənimsənilməsi mütləqdir. Daha çox qısa xəbər yayımına köklənən onlayn media subyektlərində müsahibə, reportaj, analitika, publisistika, araşdırma, ümumən klassik janrlara marağın (multimedia nümunələri əlavə etməklə) artırılması təmin edilməlidir;
- Dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılması və keyfiyyətinin yüksəldilməsi təmin olunmalıdır;
- Azərbaycan dövlət dilinin normalarına əməl edilməsi, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılması şərtdir.
Xüsusi müddəalar
- Sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğu, səhihliyi ciddi şəkildə yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, süni intellekt vasitəsilə istənilən foto və video məlumat, səs yazısı təhrif edilə bilər. Media nümayəndələri sosial şəbəkə istifadəçisindən fərqli olaraq, bu kimi hallarla qarşılaşdıqda dəqiqləşdirmə aparmalı və məlumatları yoxlamadan yaymamalıdırlar. Onlar yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunu unutmamalıdırlar. Xarici qüvvələrin sosial mediada yaratdığı təxribat və manipulyasiyalara qarşı effektiv şəkildə mübarizə aparılmalı, Azərbaycan cəmiyyətində milli maraqları qoruyan ictimai rəy formalaşdirilmalıdır;
- Jurnalist cəmiyyətin etimadlı xəbər əldə etməsində vasitəçidir. Buna görə də məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, onlara vəzifəsinin icrasında yardımçı vasitə kimi yanaşmalıdır;
- Azərbaycan mediası milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalıdır. Milli maraqların əhəmiyyəti barədə məlumatlandırma və maarifləndirmə aparılmalı, həmçinin ölkənin suverenliyini təbliğ edən proqramlar, xəbərlər və məqalələr yayılmalıdır;
- Azərbaycan mediası beynəlxalq mediada daha fəal iştirak etməli və ölkə ilə bağlı məsələlərə doğru və obyektiv prizmadan yanaşmalıdır. Beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanması vacibdir;
- Azərbaycan mediası regional və beynəlxalq səviyyədə digər dost ölkələrin media orqanları ilə əməkdaşlıq etməli, informasiya müharibəsi şəraitində təcrübə mübadiləsi həyata keçirməlidir.