Bakıya GİZLİ TƏHLÜKƏ – Ermənilərin qayıdışı…backend

Bakıya GİZLİ TƏHLÜKƏ – Ermənilərin qayıdışı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni və rus analitiklərə görə, Qarabağ məsələsi bitməyib(?), onların dönüşü üçün üçtərəfli sənəddən istifadə etmək olar; azərbaycanlı təhlilçi isə bu detalları alt-üst edən faktlar qoydu

“Əgər Ermənistan 10 noyabr (üçtərəfli kapitulyasiya – red.) sənədindən imzasını geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim əsasa çevriləcək və Bakı bunu edəcək”.

NOCOMMENT.az xəbər verir ki, Yeni Müsavat-ın bildirdiyinə görə, İrəvandakı “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan NEWS.am-ın müxbirinə müsahibəsində deyib. “Ermənistan öz imzasını tərk edərsə, lakin ardınca bu istiqamətdə işləməzsə və heç bir addım atmazsa, onda bu, yenə Azərbaycanın ruslara və regional oyunçulara ”Mənim məsələni hərbi yolla həll etmə üçün qanuni haqqım var” söyləməsinə hüquqi əsas yaradacaq. Deyəcəklər ki, bu adam öz imzasına hörmət etmir”, – erməni ekspert qeyd edib. Onun sözlərinə görə, 10 noyabr sənədində yerinə yetirilməyən məqamlar var: “Ermənistanın ağıllı yanaşması həmin sənədin Qarabağda erməni varlığını, kommunikasiyaları və s. nəzərdə tutan bəndlərə qayıtmasından ibarət olmalıdır. Ermənistan məsələ qaldırmalıdır ki, bu sənəd tam işləməlidir. İrəvan bunu etmir”.

Bu xüsusda rusiyalı tanınmış analitik və konfliktoloq Yevgeni Mixaylov maraqlı fikir söyləyib. Sitat: “Sülh müqaviləsi imzalasa belə, Ermənistanın ona əməl edəcəyinə zəmanət yoxdur. Fikrimcə, Ermənistan üçün Qarabağ məsələsi bitməyib. Mən Moskvada bəzi ermənilərlə söhbət etmişəm. Deyirlər ki, biz silahlanacaq, sakinlərimizi Qarabağa qaytaracağıq, ora yenə erməni diyarı olacaq. Bu söhbətlər gedir. Amma mən buna inanmıram. Bu, sadəcə, erməni qulaqların eşitmək istədiyi şirin arzulardır”. Ancaq şər deməsən, xeyir gəlməz… Vaxtaşırı Rusiya rəsmiləri bəyan edirlər ki, Azərbaycan və Ermənistan arasında problemlər məhz 2-ci Qarabağ savaşının sonunda və andan sonra (Moskvada, Soçidə) imzalanmış üçtərəfli sənədlər, xüsusən də 10 noyabr (2020) sənədi əsasında nizamlana bilər. O zaman bu açıqlamaları necə oxumalı? 10 noyabr üçtərəfli sənədində həqiqətən Azərbaycan üçün gizli təhlükə var, ya necə? Yəni sənəd Qarabağda erməni varlığının qalmasını zəruri edirmi?

Siyasi ekspert Ramiyə Məmmədova izah edir ki, təkcə üçtərəfli sənəd dinc ermənilərin Qarabağda qalmasını təmin etmir, digər detallar da var. Onun sözlərinə görə, Azərbaycan sovet dövründən Qarabağda yaşamış, əli qana batmamış ermənilərin burada qalmasına etiraz etməyib. Ancaq bu qərar işğal dövründə süni şəkildə Laçına və digər ərazilərə köçürülmüş ermənilərə aid deyil: “Onlar Yaxın Şərq ölkələrindən gətirilən və məqsədli şəkildə saylarının artırılması üçün yerləşdirilmiş ermənilər idi. Onlar son 25-30 il içində bölgəyə gətiriliblər. Bu şəxslər qayıda bilməzlər! İkincisi, separatizmə xidmət etmiş çoxlu ermənilər var. Amma Azərbaycan xüsusi qəddarlığı ilə seçilmiş, dinc azərbaycanlıların qətlində şəxsən iştirak etmiş ermənilər istisna, bu separatizmin alətinə çevrilən digər mülki ermənilərə amnistiya elan etməyə hazır olduğunu bəyan etmişdi və vətəndaşlıq təklif olunurdu. Elə buna görə də 10 noyabr razılaşmasından sonra sülhməramlı kontingent 44 günlük müharibə ərzində regionu tərk etmiş Qarabağ ermənilərini avtobuslara doldurub geri qaytarmışdı. Onlar burada üç il yaşadılar, amma qondarma hakimiyyət imkan vermirdi ki, Azərbaycan qanunları bu ərazilərimizdə də işləsin. Təsəvvür edin, Xankəndi, Ağdərə bizim ərazilərdir, amma ölkənin bir hissəsində qondarma erməni polisi, erməni məhkəməsi, erməni pulu işləyir. Bu, dünyanın harasında görünüb?”

Siyasi təhlilçi bildirir ki, İranda, Gürcüstanda, Rusiyada azərbaycanlılar yaşayır, amma həmin ölkələrin vətəndaşlarıdırlar: “Baxmayaraq ki, Təbriz, Borçalı, Dərbənd qədim torpaqlarımızdır, azərbaycanlılar bu bölgələrdə kompakt şəkildə yaşayırlar, amma vətəndaşı olduqları dövlətlərin valyutası işləyir, qanunları ilə hərəkət edirlər. Ərdəbildə, yaxud Dərbənddə Azərbaycan qanunları, ya da manatı işləyə bilərmi? Ancaq Xankəndidə erməni dramı ilə alış-veriş var idi, qaz, işıq, internet Ermənistandan verilirdi. Niyə? Bax, biz də erməniəsilli Qarabağ sakinlərinə bunu izah edirdik. Siz bu ölkədə talış, ləzgi və digər etnik millətlər kimi Azərbaycan vətəndaşı kimi yaşaya bilərsiniz başqa imtiyazınız yoxdur. Onlar isə mərkəzə tabe olmurdular və gah muxtariyyatdan, gah müstəqil ”artsax” dövləti olmaq cəfəngiyyatını davam etdirirdilər. Bunun da bir sonu olmalıydı və oldu da, antiterror əməliyyatına məcbur qaldıq. Hərgah, Prezident İlham Əliyev 44 günlük müharibənin gedişində, səhv etmirəmsə, noyabrın əvvəlləri “BBC”-yə müsahibəsində jurnalistin bu haqda sualını cavablandırmışdı. Ölkə başçısı bildirmişdi ki, biz işğal olunmuş əraziləri azad edirik, Qarabağın ermənilər yaşayan yuxarı hissəsinə isə ordu daxil olmayacaq. Prezident demişdi ki, cinayət törətməmiş ermənilər orada yaşayacaqlar, Xankəndi, Xocalı, Xocavənd, Ağdərədən qovulan azərbaycanlılar da öz yerlərinə qayıdacaqlar, birgəyaşayış olacaq. Azərbaycan dövləti sözünün üstündə durdu, ordu mülki ermənilər olan ərazilərə girmədi, amma onların xunta rejimi təslim olmaq istəmədi, qanunsuz hərbi birləşmələr saxladılar və ruslardan bir müddət qalxan kimi istifadə etdilər. Nəticəsi də bir sutkalıq əməliyyat oldu və o zaman da yenə mülki məntəqələrə hücum edilmədi, bir dinc erməninin burnu qanamadı”.

Siyasi şərhçi xatırlayır ki, sonra reinteqrasiya proqramı açıqlandı, Yevlaxda, Xocalıda görüşlər keçirildi, Prezident Administrasiyası ermənilər üçün sosial paketi elan etdi: “Hər şey isə əvvəldən belə olmalı idi – 2020-ci il, 10 noyabrdan etibarən kukla rejim öünü buraxmalı, tərki-silah olmalıydı, azərbaycanlılarla ermənilər birgə yaşamalıydı. Bunu etmədilər və üç il sonra antiterror tədbirlərinə əl atılanda bunu etdilər. Ardınca erməni sakinlər regionu öz xoşu ilə tərk etdilər. Yəni 10 noyabr sənədindən əlavə, Azərbaycan dövləti özü onlara vətəndaşlıq təklif etmişdi, sosial paket açıqlamışdı, iş yerləri ilə təmin olunacaqdılar, parlament və bələdiyyə seçkilərində namizədlərlə iştirak hüquqları var idi. Heç birinə razı olmadılar, könüllü şəkildə getdilər, indi də səsləri çıxmır, qayıtmaq da istəmirlər, üstəlik, Qərbdən onlara maliyyə ayrılır və çətin ki geri dönsünlər. O baxımdan erməni siyasət adamlarının, ekspertlərin vaxtaşırı bu cür çıxışları nəbz yoxlamasıdır. Fakt budur ki, Qarabağdan getmiş ermənilər Azərbaycan dövlətində yaşamaq istəmədilər”.

Ekspertə görə, üstəgəl, burada bir erməni saxtakarlığı da var: “Çünki həmin ermənilər Ermənistan vətəndaşlarıdırlar, qaçqın deyillər. Bu 30 il içində onlar Rusiyaya, başqa ölkələrə hansı pasportla səfərlər ediblər, təhsil alıblar, işləməyə üz tutublar? Bunu qondarma ”artsax” sənədi ilə etmək mümkün deyildi, heç Ermənistanın özü onun müstəqilliyini tanımamışdı. Deməli, Ermənistan vətəndaşları olublar, sadəcə, Qarabağda yaşayıblar. Bu nöqteyi-nəzərdən səslənən fikirlərə əhəmiyyət vermək lazım deyil və bu çağırışların, Avropadakı bəyanatların hər hansı siyasi-hüquqi əsası yoxdur”.