Müştərilərin kart seçimi edərkən axtardığı özəlliklərdən biri də kart qalığına hesablanan faizdir. Debet kart qalığına faiz hesablayan banklar aşağıdakılardır:
NOCOMMENT.az xəbər verir ki, hazırda ən yüksək qalıq faizini Xalq Bank təklif edir. Belə ki, “XalqKart Cashback” istifadəçiləri qalıq məbləğdən 8% gəlir əldə edə bilərlər.
Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. Qalığa faiz hesablanması yalnız AZN valyutalı “XalqKart Cashback” kartı üçün keçərlidir. Kartın faiz hesablanan gündəlik minimal qalıq məbləği 100 AZN, maksimal qalıq məbləği isə 2000 AZN-dir.
ABB-nin “TamKart”ında kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.
Bank of Baku-nun “Bolkart” debet kart istifadəçiləri kart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir.
Expressbank-ın təklif etdiyi “Visa Infinite Debet” kartında illik 7% gəlir hesablanır. Debet qalığına illik hesablanacaq faiz gəliri 1000 AZN-dən 30 000 AZN-dəkdir.
Leo Bank-da “Leo Premium” kartları üzrə kartdakı qalıqların minimum və maksimum məbləğində məhdudiyyət olmadan illik 7% gəlir hesablanır.
AFB Bank-ın “Mono” kartlarında AZN valyutalı kartın qalığına illik 6% gəlir hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 100 000 AZN-dir.
Bank BTB: “Junior Card” illik 6% gəlir təklif edir. Kart qalığı üzrə faizlər aylıq ödənilir.
Rabitəbank-ın “Kartmane Premium” kartında vəsait qalığına illik hesablanan faiz dərəcəsi 6%-dir. Faizlər gündəlik hesablanır və hər növbəti ayın ilk iş günü hesaba əlavə edilir.
TuranBank-ın “Universal kart”ında faizlər aylıq əsaslarla kapitallaşır. Faiz hesablanan maksimal məbləğ – 100 000 AZN-dir. Kart qalığı 300 AZN-dən aşağı olarsa, faiz hesablanmır.
Yelo Bank-ın “Yelo Premium” kartlarında qalığa gəlir hesablanması limiti müştəri hesabı üzrə 100 000 AZN-ə qədərdir.
Azər Türk Bank-da “atb card”ın kartın qalığına illik 5,5% gəlir hesablanır. Qalıq hesablanması üçün balansda minimal məbləğ tələbi yoxdur.
Bank Respublika-nın “Neo Premium”unda qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və karta müvafiq məbləğdə mədaxil olunur.
AccessBank-ın “myCard Premium” kartlarına isə illik 1,5% gəlir hesablanır. Faiz hesablanması üçün minimal və maksimal məbləğ tələbi yoxdur.
Onu da qeyd edək ki, bu kartlardan bəzilərində dollar valyutası üzrə də kart qalığına gəlir hesablanır.
// banco.az