Kirayə qaldığı evin 72 minlik əşyalarını satan şəxs həbsdə saxlanıldıbackend

Kirayə qaldığı evin 72 minlik əşyalarını satan şəxs həbsdə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Apellyasiya Məhkəməsində Göygöldə kirayə tutduğu evin əşyalarını sataraq mənimsəməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Yusif Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Y.Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Yusif Gəncədə gül mağazası işlədib və 2022-ci ildə Şəmkir sakini olan qadınla ailə qurub. O, daha sonra Göygöl rayonunun Üçtəpə kəndində həyət evi tutaraq həyat yoldaşı və onun ilk evliliyindən olan 2 uşağı ilə birgə oraya köçüb. Lakin bir müddət sonra onlar həmin evi tərk ediblər, Yusif isə aylıq kirayə pulunu ödəməyə davam edib.

Telefonla mobil tətbiqlərdən biri vasitəsilə oynadığı qumar oyunlarının aludəçisinə çevrilən Y.Əliyev bir neçə ay ərzində kirayə tutduğu evdəki bütün əşya, mebel, kombi-radiator və sair hər şeyi satıb. Bunlardan əldə etdiyi pulu isə qumarda uduzub. Beləliklə, ev sahibinə 72 min manata yaxın maddi ziyan dəyib.

Bundan sonra Yusif Əliyev Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub, barəsində cinayət işi açılıb.

Həmçinin onun kirayə tutduğu evdən götürdüyü əşyaların sata bilmədiyi hissəsini bacısına və arvadına verdiyi məlum olub. Bəlli olub ki, Y.Əliyev 10 min manatlıq qonaq otağı mebelini 2 minə, 2 min manatlıq divan-kreslo dəstini 800 manata satıb.

Məhkəmədə o, törətdiyi əməli etiraf edərək özünü təqsirli bilib. O, həmin ərəfədə qumar borcuna görə “Kia Optima” markalı avtomobilini də satdığını bildirib.

Ev sahibi isə məhkəmədən Yusifə ən ağır cəzanın verilməsini tələb edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Əliyevə 7 il həbs cəzası verilib.\\ Pravda.az