COP29-un Azərbaycanda keçirilməsi, ölkənin iqtisadi mövqeyini gücləndirən və onu qlobal səviyyədə yaşıl iqtisadiyyata keçid imkanlarını artıran strateji addım kimi qiymətləndirilməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında iqtisadçı, ekspert Gündüz Camalzadə deyib.
Onun sözlərinə görə, COP29 ölkəni beynəlxalq ictimaiyyətin mərkəzi etmək və onu qlobal müzakirələrdə aparıcı bir oyunçuya çevirmək potensialına malikdir. Bu cür tədbirlər təkcə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə ev sahibliyi etməklə qalmır, həmçinin iqtisadi, siyasi və sosial aspektləri olan geniş məsələləri də gündəmə gətirir.
Ekspert Azərbaycanın iqlim dəyişikliyi sahəsində addımlarının beynəlxalq əməkdaşlıqlara yol açacağını bildirib:
“Azərbaycanın enerji sektoru, xüsusilə də neft və qaz ixracına əsaslanan iqtisadiyyatını beynəlxalq iqlim razılaşmalarına uyğunlaşdırmaq istəyi dayanıqlı və yaşanılabilən dünya üçün xoş niyyətinin göstəricisidir. Eyni zamanda bu, ölkəmizin ekoloji və iqlim məsələlərinə olan bağlılığını təsdiqləyir. Azərbaycanın müzakirələrdə aktiv rol oynayaraq enerji keçidi, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə mövqeyini gücləndirməsi gələcək beynəlxalq əməkdaşlıqlara yol açmasına təkan verəcək”.
G.Camalzadə COP29-un bərpa olunan enerji mənbələri istiqamətində unikal platforma təqdim etdiyini də söyləyib:
“Azərbaycan, xüsusilə son dövrlərdə bərpa olunan enerji mənbələri (külək, günəş) üzrə potensialını dəyərləndirməkdədir. COP29 bu sahədəki addımların sürətlənməsi və enerji sektorunun daha dayanıqlı və diversifikasiya olunmuş bir istiqamətə yönəlməsi üçün unikal platforma təqdim edir. Bundan əlavə, bu cür qlobal tədbirlərin keçirilməsi ölkəyə xarici investisiyalar cəlb etməyə, texnologiya transferini sürətləndirməyə və işgüzar mühitin şəffaflığını artırmağa imkan verir. İqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərdə fəal iştirak Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirəcək və ölkənin Qərblə enerji təhlükəsizliyi, iqlim dayanıqlığı kimi strateji məsələlərdə dialoqunu gücləndirəcək. Bu isə Azərbaycan üçün yalnız iqtisadi yox, həm də geosiyasi əhəmiyyət kəsb edir”.
İqtisadçı qeyd edib ki, bir sıra faktorlar COP29 çərçivəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən qədər zamanın tələb olunduğunu nümayiş etdirir:
“Belə ki, 2023-cü ildə neft və qaz sektorundan gələn gəlirlər ölkənin ümumi büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edib. Hazırda Azərbaycan iqtisadiyyatı böyük ölçüdə enerji ixracından asılıdır. Bu asılılıq bərpa olunan enerji mənbələrinə keçidin iqtisadi risklərini artırır. Çünki neftdən əldə edilən gəlirlər bu keçidin maliyyələşdirilməsi üçün vacibdir. Azərbaycan üçün əsas iqtisadi çağırış, bu keçidi tədricən və səmərəli şəkildə həyata keçirmək olacaq ki, bu da uzunmüddətli iqtisadi sabitliyi qorumağa imkan verəcək. Bundan başqa, bərpa olunan enerji mənbələrinin inkişafı və tətbiqi üçün böyük maliyyə resursları tələb olunur. Xarici investisiyalar və texnoloji tərəfdaşlıqlar bu sahədəki texnoloji və maliyyə boşluğunu doldurmaq üçün vacib rol oynayacaq”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan bərpa olunan enerji texnologiyalarını inkişaf və tətbiq etmək üçün beynəlxalq təcrübə və texnologiyalardan yararlanmalıdır:
“COP29-da nəzərdə tutulan öhdəliklərin həyata keçirilməsi üçün beynəlxalq donorlarla əməkdaşlıq və xarici kapitalın ölkəyə cəlb olunması vacibdir. Bərpa olunan enerji sektorunda ixtisaslaşmış kadrların hazırlanması və institusional strukturların təkmilləşdirilməsi də zəruridir. Bir çox iqtisadi və struktur maneələrə baxmayaraq, COP29 Azərbaycanın dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişikliyinə qarşı mübarizəsi üçün geniş imkanlar yaradır”.
G.Camalzadə neft-qaz sektorunun Azərbaycanın iqtisadi strukturunda əhəmiyyətli yer tutmasına baxmayaraq, ölkənin bərpa olunan enerji sektoruna inteqrasiya olunmaqla qlobal enerji bazarlarında daha dayanıqlı bir oyunçuya çevriləcəyini söyləyib:
“Hazırda Azərbaycanın yaşıl enerjiyə keçid prosesi ilkin mərhələdə olsa da, ölkə bu istiqamətdə əhəmiyyətli addımlar atır. 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” yaşıl enerjiyə keçidin hüquqi bazasını formalaşdırıb. 2021-ci ildə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun təsdiq olunub. Həmçinin Azərbaycan külək, günəş və hidroenerji sahələrində bir sıra pilot layihələr həyata keçirir. Bu layihələr tədricən yerli və xarici investorların marağını cəlb edir, xüsusilə də Xəzər dənizi sahillərində külək enerjisi potensialı yüksək qiymətləndirilir. Bununla yanaşı, Azərbaycan qlobal yaşıl enerji tələblərinə uyğunlaşmaq üçün enerji ixracını da diversifikasiya etməyi hədəfləyir. Yaşıl hidrogen istehsalı, həmçinin digər alternativ enerji növləri üzrə potensial layihələr də müzakirə olunur”.
İqtisadçı Azərbaycanın “Qlobal klubun” üzvü kimi yaşıl enerji bazarında güclənməsinin mümkünlüyündən söz açıb:
“Bunun üçün bəzi əsas məqamlar nəzərə alınmalıdır. Azərbaycanın coğrafi mövqeyi, xüsusilə külək və günəş enerjisi potensialı yüksək olan Xəzər dənizi sahilləri, onu yaşıl enerji sahəsində lider olmağa namizəd edir. Həmçinin Azərbaycanın yaşıl enerji ixracı üçün mühüm tranzit mərkəzinə çevrilməsi də qaçınılmazdır. Qlobal enerji bazarında yaşıl enerjiyə keçid edən ölkələrə Azərbaycanın potensial olaraq yaşıl enerji təchizatçısı kimi çıxış etməsi, onun qlobal klubda yerini gücləndirəcək. Həmçinin Azərbaycan artıq bərpa olunan enerji sahəsinə böyük beynəlxalq oyunçuları cəlb etmək istiqamətində işlər aparır. Bəzi qlobal enerji şirkətləri ilə bərpa olunan enerji layihələrinin inkişafı Azərbaycanın yaşıl enerji strategiyasını gücləndirəcək. Bu əməkdaşlıq həm də ölkənin texnoloji və maliyyə imkanlarını artıraraq onu qlobal enerji bazarında “yaşıl” aktor kimi tanıdacaq”.
Mütəxəssis bildirib ki, Azərbaycanın yaşıl enerji sektorunda inkişafı dəstəkləyən hüquqi və tənzimləyici çərçivələr yaratması vacibdir:
“Bu çərçivələr ölkənin iqlim öhdəliklərinə uyğun olaraq bərpa olunan enerji layihələrinin icrasını sürətləndirməyə kömək edəcək. Nəticə olaraq qlobal enerji bazarında yaşıl enerjinin rəqabət qabiliyyəti, texnoloji inkişafa və beynəlxalq bazar tələblərinə bağlıdır. Bəzi inkişaf etməkdə olan ölkələr yaşıl enerji mənbələrinin qısa müddətdə rentabelli olmadığını dərk edir və ənənəvi enerji mənbələrinə üstünlük verir. Ənənəvi enerji sektorundan asılılıq, həmçinin bu sektordan əldə edilən gəlirlərin əhəmiyyətliliyi yaşıl keçid prosesinin ləngiməsinə səbəb ola bilər. Çünki bərpa olunan enerji layihələri böyük maliyyə yatırımları və texnoloji imkanlar tələb edir. Qeyd olunanlara əsasən, xarici investisiyaların yetərsizliyi və texnologiya transferindəki ləngimələr yaşıl keçidin qarşısında duran əsas əngəllərdən biridir. Azərbaycan bu balansı düzgün idarə etməklə həm yaşıl enerji keçidini dəstəkləyə, həm də qlobal enerji bazarında mühüm oyunçu olaraq mövqeyini gücləndirə bilər”.