İlham Əliyevin hakimiyyətə gəlişi region üçün yeni eranın başlanğıcı oldu – RƏYbackend

İlham Əliyevin hakimiyyətə gəlişi region üçün yeni eranın başlanğıcı oldu – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 il əvvəl İlham Əliyevin hakimiyyətə gəlişi, istisnasız olaraq, bütövlükdə region üçün yeni eranın başlanğıcı demək oldu.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Report”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb.

O xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtidarda Ulu Öndər Heydər Əliyevə qədər milli hakimiyyətlərin olmaması, yaxud dövlət iyerarxiyasında naşı, antimilli ünsürlərin yer tutması Azərbaycan dövlətçiliyinin mövcudiyyətini təhdid altına alıb, xalqı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu:

“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu proses dayandı, o cümlədən Ermənistanla müharibənin gedişatı tam şəkildə dəyişdi. Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığında Füzuli və Cəbrayılın bir sıra yaşayış məskənlərini, o cümlədən, Horadiz qəsəbəsini işğaldan azad etməklə böyük Zəfərimizə gedən yolun ilk pilləsi kimi tarixə düşdü. Cənab İlham Əliyevin hakimiyyətə gəlişi isə əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf, tərəqqi və güc mərkəzi kimi formalaşmağımızda ehtiva olunan konfiqurasiyanın davamlılığı və yeni mərhələyə daşınması ilə nəticələndi”.

O qeyd edib ki, İlham Əliyev ilk növbədə artıq Ulu Öndər Heydər Əliyev tərəfindən nail olunmuş siyasi müstəqilliyi möhkəmlətdi, daha sonra iqtisadi müstəqilliyə tam şəkildə nail olunması istiqamətində ardıcıl, konseptual addımlar atdı.

“Məhz bu çərçivədə ölkənin enerji ehtiyatlarının bir qütbdən asılı olmayan, şaxələndirilmiş infrastruktur hesabına dünya bazarına çıxarılması, tarixən Azərbaycan üçün problemə çevrilən coğrafi mövqeyimizi dividendə çevirməyə nail oldu”, – o deyib.

Deputat vurğulayıb ki, nəticə olaraq, Azərbaycan bir çox dövlətin enerji təhlükəsizliyi, dolayısı ilə milli təhlükəsizliyində həlledici rol sahibi kimi özünü təsdiqlədi:

“Azərbaycanın cari siyasət kursu neft və qaz ehtiyatlarından gələn gəlirlərin uğurlu idarəçiliyi, ordu quruculuğu, müdafiə sənayesinin faktiki olaraq yaradılması fonunda Azərbaycanın özünü hərbi-siyasi güc kimi təsdiqləməsi ilə nəticələndi. Ölkədə gənc nəsillə aparılan iş, milli-ideoloji konsepsiyanın Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının bazisində yeni mərhələyə daşınması milli vəhdətə gətirib çıxardı.

Qərbin arzuolunmaz təsirlərindən azad, vətənpərvər gənc nəsil formalaşdı. Ölkədə xalq-iqtidar birliyi illər ərzində bizim üçün mümkünsüz olan vəzifələrin icrası üçün münbit zəmin yaratdı. Nəticə etibarilə Azərbaycan cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında 30 il davam etmiş işğal və təcavüz status-kvosuna son qoymaqla ərazi bütövlüyümüzü, sərhəd toxunulmazlığımızı, habelə ötən ilin sentyabrında antiterror tədbirləri ilə suverenliyimizi tam şəkildə bərqərar edərək müasir Azərbaycan tarixində yeni bir mərhələni başlatmış oldu”.

B. Məhərrəmovun fikrincə, ötən 21 illik periodu təhlil edərkən bu gün əminliklə demək olar ki, Azərbaycanın ərazi ölçüsü və əhali sayına görə xüsusi bir göstəricilərə malik olmasa da, məhz liderinin vizyonu ilə qlobal miqyaslı hərbi-siyasi güc və müstəqil iradə sahibi olan subyekt kimi, beynəlxalq birliyin ehtiram təlqin edən üzvü kimi özünü təsdiq edə bilib.

Xatırladaq ki, bu gün, 15 oktyabr, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ilk dəfə ölkə rəhbəri seçilməsinin 21-ci ildönümüdür.