Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etmək istəməyən Avropa İttifaqı (Aİ) destruktiv fəaliyyətini davam etdirir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə tələb olunan sülh, sabitlik və əməkdaşlıq mühitidir. Fransa başda olmaqla bir çox Aİ ölkələri isə açıq-aydın buna qarşı çıxır. 2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu barədə də danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.
Dövlət başçısı “buna nə ehtiyac var idi”, – deyə sual edib:
“2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya iki ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.
Proseslərin gedişi göstərir ki, Aİ-nin “binokl diplomatiyası”nın bir neçə əsas məqsədi var. Birincisi, Aİ bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə edir. İkincisi, Ermənistanı öz təsirində saxlayır. Üçüncüsü, Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflədir. Dördüncüsü, mümkündür ki, Aİ bu missiya vasitəsilə Ermənistanı təhlükəsizlik təminatı verməklə yanaşı, həm də gizli təlimlər keçir. Hər halda Aİ-nin, o cümlədən onun əsas üzvlərindən biri olan rəsmi Parisin ritorikası bu ehtimal barədə düşünməyə əsas verir.
Aİ-nin Ermənistandakı missiyasının mülki təyinatlı olmağını, konkret olaraq siyasi məqsədlərə xidmət etdiyini təsdiqləyən kifayət qədər fakt var. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib ki, bu missiya Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır: “Kanadadan da bir “ekspert”in qoşulması ilə bu missiya faktiki olaraq NATO-nun şübhəli məqsədləri olan əməliyyatına çevrildi. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və ya nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir. Əslində, bu missiya Azərbaycan, İran və Rusiya Federasiyasına qarşı kəşfiyyat məlumatları toplayır”.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov da oxşar fikirlərlə çıxış edib. O, bir neçə ay əvvəl MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı söyləyib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.
Ən vacib məqamlardan biri: bu ilin oktyabr ayında Aİ müşahidəçiləri sərhəddə aktivləşməyə başladılar. Onlar tez- tez Azərbaycan sərhədini müşahidə edirdilər. Həmin vaxt təxribatların başlana biləcəyi proqnozlaşdırılırdı. Belə də oldu. Oktyabrda Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərdəki mövqelərini atəşə tutdu.
Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydləri”ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.
Bu müşahidə missiyası artıq “sinifdə qalıb”. Azərbaycan Xarici İşlər Nazirliyinin hələ bu ilin sentyabrında yaydığı bəyanatda aydın şəkildə bildirilib ki, anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz: “Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib”.
Əlbəttə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı səmimi vasitəçilik səylərində maraqlıdır. Amma Aİ səmimi olmadığını açıq-aydın göstərir. Əgər belə olmasa idi, Aİ indiyə qədər dəfələrlə Azərbaycanın guya hücuma hazırlaşdığı barədə saxta, əsassız iddialarla çıxış etməzdi.
Həmçinin diqqətə çatdıraq ki, missiya birbaşa olaraq Aİ-ni təmsil edir. Aİ isə Ermənistanın silahlandırılmasında iştirak edir, rəsmi İrəvanın hərbi – siyasi təxribatlarında, habelə revanşist cəhdlərində iştirak edir. Bu isə o deməkdir ki, Aİ və onun missiyası sülhə töhfə vermir, əksinə, mane olur.
Deməli, Aİ-yə və onun missiyasına regionda yer yoxdur.