Oktyabr ayının 1-dən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir həyata keçirilib.
Tədbir zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərər onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.