“Aldığı ulduzdan aşağı xidmət göstərən hotellər özlərinə zərər vurur” – AÇIQLAMAbackend

“Aldığı ulduzdan aşağı xidmət göstərən hotellər özlərinə zərər vurur” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hotellərdə ulduz dərəcəsi bir sıra kriteriyalara əsaslanaraq verilir. Bunlara onun xidmət keyfiyyəti, otaq imkanları, təqdim etdiyi qida və s. kimi məsələlər daxildir. Ulduz dərəcəsi müştərilərə hotelin keyfiyyətini anlamağa kömək edir. Lakin bəzən saxta ulduz dərəcəsi ilə fəaliyyət göstərən hotel və mehmanxanalara da rast gəlinir. Sonuncu belə hal kimi Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən iki hotel – “Altus Hotel” və “Paradise Baku Hotel” və 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edildiyini göstərə bilərik. Yoxlamalar zamanı məlum olub ki, onlar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş. 

NOCOMMENT.az xəbər verir ki, turizm məsələləri üzrə ekspert Rəhman Quliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu gün paytaxt və regionlarda fəaliyyət göstərən hotellər ulduz almaq üçün müəyyən monitorinqdən keçirlər.

Onun sözlərinə görə, həmin iaşə müəssisələri lazımi sənədləri toplayıb aidiyyatı üzrə təqdim edir və yalnız bundan sonra müəyyən ulduz dərəcəsini alırlar. Eskpert hesab edir ki, hər bir hotel özü özünə o qiyməti verməlidir:

“Çünki istər yerli, istərsə də əcnəbi turist hər hansı bir hotelə gəldikdə o hotelin xidmət keyfiyyətinə görə ona öz qiymətlərini verirlər. Bu gün hər hansısa bir hotel iki ulduz səviyyəsində xidmət göstərməsinə baxmayaraq özünü 4 ulduz etiketi ilə təqdim edirsə, bu, əslində, onun üçün bir zərərdir”.

Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə saxta ulduz dərəcəsi ilə fəaliyyət göstərən hotel, əslində, özünün reklamına ciddi zərər vurmuş olur: “Çünki əgər bir turist hotelin adındakı ulduz səviyyəsindən daha aşağı bir xidmətlə rastlaşırsa, o, bu məsələni sosial şəbəkələrdə ictimailəşdirə və mənfi fikirlər bildirə bilər. Odur ki, hotellər aldığı ulduzdan aşağı xidmət göstərməməli, əksinə, daha yüksək servis təqdim etməlidirlər ki, hər zaman onun haqqında bütün platformalarda yaxşı rəy bildirsinlər. İndi artıq bütün dünyada turistlər səyahətə çıxarkən getdiyi hotel haqqında öncədən maraqlanırlar, əvvəlcədən o hotel haqqında yazılan şərhləri və hotelin qiymətləndirilməsini oxuyurlar. Təbii ki, özünə 5 və ya 4 ulduz dərəcəsi qoyan bir hotel 3 və ya daha aşağı ulduz səviyyəsində xidmət göstərirsə, o heç bir yaxşı qiymət ala bilməz”.