Vətəndaşlarımızın bir çoxunun əli vitrində hər zaman xarici mallara gedir. Yerli istehsalata dəstək verməyi, yerli məhsul istifadə etməyi çoxları düşünmür. Yerli mallara qarşı bu etibarsızlıq nədən qaynaqlanır?
NOCOMMENT.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki,bu məsələ ilə bağlı maarifləndirmə zəifdir:
“Təəssüflər olsun ki, əhalinin xarici məhsullara üstünlük verdiyi məlumdur. Bunlar əhalinin yaxşı maarifləndirilməməsinin nəticəsidir. Əhali bilməlidir ki, yerli məhsullar bütün hallarda az kimyalaşmış məhsullar olur. Xaricdən gələn mallar etiketi, dadı, görkəmi ilə istehlakçıları cəlb etsə də, onlar bilməlidir ki, uzun yol gələn, hər cür hava şəraitinə dözümlü olan mallar kimyalaşıb. Yerli mallar bütün hallarda xarici mallardan üstündür. Rusiyadan gələn ət və ət məhsullarının tərkibində ətin faizi çox azdır. Lakin, onlar cəlbedicidir. Yerli mallarda bu cür komponentlər az istifadə olunur. Ilk öncə maya dəyərinə təsir edir, baha başa gəlir. Əlçatanlıq isə azdır. Ona görə də xaricdən bu cür komponentlər gətirilmir. Yerli ət və ət məhsullarını istehsal edən müəssisələr var. Hətta, “halal” brendi adı altında istehsal edilən məhsulların çoxları həqiqətən, halaldır. Və nisbətən ekoloji təmiz mallardır”.