“Bakıda qaraçılardan da təhlükəli bir şey baş verir”-SOSİOLOQbackend

“Bakıda qaraçılardan da təhlükəli bir şey baş verir”-SOSİOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər paytaxt ərazisində qaraçıların sayının artması ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə M8 saylı avtobusda ödəniş etməyən qaraçılar barədə yayılan görüntülər isə məsələni gündəmə gətirib. Şəhərin həm mərkəzi küçələrində, həm metrostansiyaların qarşısında, bazarlarda insanlara rahatlıq verməyən qaraçıların həyət evlərindən, marketlərdən oğurluq etdikləri bildirilir. Vətəndaşlar onların şəhərdən uzaqlaşdırılmalarını, aidiyyəti qurumların bu barədə tədbir görmələrini tələb edirlər. 

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, Bakıda bir tərəfdən qaraçılar çoxalmağa başlayıb, digər tərəfdən də turistlər.

 

“İndiki vaxtda bu məsələlərə diqqəti bir az da artırmalı, həssas olmalıyıq. Çünki COP29 tədbirləri yaxınlaşır. Ölkəmizə çox sayda insanlar gələcək. COP29-un mahiyyət etibarilə böyük mənası olmaqla yanaşı, həm də bizə imkan yaradır ki, xarici qonaqlarda Azərbaycan haqqında aydın, yaxşı təsəvvür yaradaq. Qonaq küçədə hər gördüyünə qarşı çox həssas olur. Bəlkə, bizim əhəmiyyət vermədiyimiz şeylər qonaq üçün mühümdür. Dünən Dağüstü Parka çıxmışdım, xeyli xarici qonaq, xüsusilə hindliləri gördüm. Elə etməliyik ki, şəhərimizdən gözəl ovqatla ayrılsınlar”, – o  bildirib.

 

Sosioloq deyib ki, şəhərdə qaraçılardan da təhlükəli bir şey baş verir: “Hər yanda – iaşə müəssisələrində, yeməkxanaların bir çoxunda dəhşətli dərəcədə qiymətlər artır. Məsələn, özüm şahid oldum. İki nəfər çay içməyə getdik, 11 manat istədilər. Başqa yerdə guya çayla birgə əlavə nəsə gətirdilər, bizdən bir çaydana 26 manat istədilər. Dağüstü Parkda pilləkənlərin aşağısında bir ovuc nar dənəsini 5 manata satırlar. Saf narın kilosu kənarda 1 manat 50 qəpikdir. Zədələnmiş nar isə 50 qəpik. Bunun təmiz tərəflərini gilələyirsən olur 5 manat? Heç 200 qram tutmayan qablara bir ovuc üzüm doldurublar, biri 5 manat. Bu qədər nəzarətsizlik olar? İndiki vaxtda hər gün diqqət etməliyik ki, şəhərimizə gələn qonaqların sayı artdıqca ölkəmizin nüfuzu qalxsın, təəssüf hissi yaranmasın. Bunlar elə-belə məsələlər deyil və ciddi məşğul olan qurumlar olmalıdır, nəzarət etməlidir”.