Şəki rayonunda fəaliyyət göstərən “Kanal-S” televiziya kanalı əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən teleşirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş teleşirkət ilə bağlı müraciətə baxılıb.
Hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Kanal-S” televiziyası 2008-ci ildən Şəki və ətraf rayonlarda yayım həyata keçirir. Hazırda teleşirkətdə 121 əməkdaşın çalışdığı və 14 veriliş istehsal olunduğu bildirilir.