Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün…”backend

Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq, təhsildə dövlət nəzarəti daim olmalıdır. Bu müəssisələrdə həm məzmun, həm də tədris baxımından tədrisə dövlət nəzarəti həyata keçirilir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunmuş respublika elmi-praktik konfransında çıxışı zamanı deyib. O bildirib ki, təhsil bir neçə pillədən ibarətdir. Burada əsas məsələ din təhsilinin bu pillələrdə öz əksini necə tapmasıdır:

“Azərbaycanda ümumi təhsil dünyəvi təhsil və din haqda təhsil modeli üzərində qurulub. Yəni, ayrı-ayrı dinlər haqqında Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu, “Həyat bilgisi” fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əksini tapır. Eyni zamanda, bu kontekstdə digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır və eyni anda yetmiş minə yaxın sinif otağında tədris aparılır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarətinin olmasıdır. Sinif otaqlarında dinin necə tədris olunması mühüm məqamdır. Məktəblərdə dinin tədrisi ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır”.

Qeyd edək ki, orta ümumtəhsil məktəblərində dinin ayrıca fənn kimi tədris olunması hər zaman müzakirə mövzusu olub. Bir sıra ekspertlər bunun önəmli olduğunu desələr də, bəzi mütəxəssislər bu fikirlə razılaşmır.

Məktəblərdə din ayrı fənn olaraq tədris olunmalıdırmı?

NOCOMMENT.az xəbər verir ki, təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az” a bildirib ki, din deyərkən, nədənsə yada yalnız İslam dəyərləri düşür:

“Din geniş anlayışdır, elmdir, təkcə İslamla məhdudlaşmır. Orta məktəblərdə dinə dair dərslərin keçirilməsi məqbul sayıla bilər. Bu, bir il, məsələn, 9-cu sinifdə tədris oluna bilər. Çünki 9-cu sinif buraxılış sinfi olduğundan, şagirdlərin hamısına dini dərslər tədris olunacaq. Həm də 15 yaş çərçivəsi elə dövrdür ki, din barədə müstəqil fikirlər formalaşır. Dünyanın bir sıra ölkələrində bununla bağlı dərslər var. Əvvəllər Azərbaycan vətəndaşları dini bilikləri İranda və yaxud digər ölkələrdə alırdılar. Bunun qarşısının alınması üçün ixtisaslaşmış İlahiyyat İnstitutu yaradıldı. Eləcə də İlahiyyat kolleci fəaliyyətə başladı. Burada milli-dini kadrlar ödənişsiz hazırlanır. Bu təhsil ocaqlarını bitirən məzunlar dini ayinlərin yerinə yetirilməsi üçün məscidlərə, kilsələrə, sinaqoqlara göndərilirlər. Gələcəkdə belə kadrlar məktəblərə müəllim kimi niyə cəlb edilməsin?”

O xatırladıb ki, “Həyat bilgisi”ndə dinlə bağlı məlumat verilir:

“Ancaq orada konkretlilik zəifdir. Dini dərslərin tədrisi o deməkdir ki, ölkə gənci gələcəkdə xurafata, din adı altında müəyyən dini qruplaşmaya, terror təşkilatına qoşulmasın. Bu, o demək deyil ki, dini tədris edirəmsə, sən molla olacaqsan. Sadəcə insanın dini biliyinin olması çox yaxşıdır. Məsələn, Yaxın Şərq haqqında məlumatlı olmaq üçün dini bilməlisən. Hansısa ölkə, onun dəyərləri haqqında məlumatlı olmaq üçün din sferasına da bələd olmalısan. Şagird öyrənir ki, Bakıda neçə sinaqoq, kilsə, məscid var və onların təyinatı nədir? Şagird bilməlidir ki, islamla xristianlığın fərqi nədir, Məhəmməd, İsa peyğəmbərlər kim olub və niyə sevilirlər? Bu olmadıqda, Xameneyi, Sistani kimi İran, İraq, ərəb dini liderlərinin arxasınca çox gediləcək. Bizə bizdən başqası uçurumdur. Gənclər gələcəkdə “tələyə” düşməmək üçün bilgili olmalıdırlar”.

O vurğulayıb ki, dini dərslər informasiya xarakterlidir, bilik ötürücüsüdür:

“Bu, sistemli şəkildə, nəzarət altında olmalıdır. Bunun üçün məktəblərdə din ayrıca fənn kimi tədris oluna bilər. Azərbaycanda din dövlətdən ayrıdır və bu, o demək deyil ki, dini bilgiyə məhdudiyyət qoyulmalıdır. Bu gün məscidlərə, kilsələrə qadağa qoyulmur. Amma xurafat, radikallıq da qəbul edilməməlidir”.