Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Təranə Bağırovanın saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilsə də, təmin olunmayıb. Onun məhkəməyə gətirilməsinin təmin edilməsi ilə bağlı yenidən qərar qəbul edilib.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkən kimi tanınan isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib.
Vəfa Allahverdiyeva barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.