Avropa ölkələrində, Yeni Kaledoniyada repressiyaları görməyən Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası – TƏHLİLbackend

Avropa ölkələrində, Yeni Kaledoniyada repressiyaları görməyən Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb dairələrinin, o cümlədən Avropa İttifaqının COP29 konfransı ərəfəsində Azərbaycana qarşı təxribat və təzyiq cəhdləri davam edir. Bu dəfə Avropa rəsmilərinin ölkəmizə qarşı “qapa piar” və iftira kampaniyasının estafetini iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit öz üzərinə götürüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı o, Azərbaycanda insan hüquqlarının pozulması, siyasi fəal və hüquq müdafiəçilərinin siyasi motivli cinayət işlərinin açıqlaması barədə həqiqətə uyğun olmayan açıqlamalar verib.

İlk növbədə, Nikolas Şmitin müstəqil ölkənin daxili işlərinə kobud müdaxilə etdiyini, barəsində danışdığı mövzulara dərindən bələd olmadığı və öncədən hazırlanmış bəlli narrativ əsasında çıxış etdiyi aydındır. Digər yandan isə, əgər avropalı məmur insan haqları məsələsinə xüsusi həssaslıq göstərirsə, əvvəlcə sakini olduğu, icra orqanında çalışdığı Avropa İttifaqında insan haqları ilə bağlı vəziyyətə göz gəzdirməsi faydalı olardı.

Lüksemburqlu komissar qonşu Fransada insan haqları ilə bağlı acı duruma nədənsə bu illər ərzində heç etiraz etməyib, insan ölümlərinin üstündən sakitcə keçib.

Avropalı komissara 2018-ci ilin noyabrında Fransa Prezidenti Emmanuel Makronun iqtisadi-sosial sferada yürütdüyü siyasətə qarşı baş qaldıran “Sarı jiletlilər” hərəkatının aqibətini, onlara qarşı repressiya dalğalarını xatırlatmaq yerinə düşər. Həmin vaxt Fransa hakimiyyəti nəinki etirazçıların sosial sahədə tələblərini yerinə yetirdi, əksinə, onlara qarşı qeyri-adekvat güc tətbiq etdi. Məsələn, hərəkatın ən fəal üzvlərindən biri Jerom Rodriges 2019-cu ildə Parisdə etiraz aksiyası zamanı polisin travmatik tapançadan açdığı atəş nəticəsində 1 gözünü itirmişdi. Ölkənin daxili işlər naziri Jerald Darmanen isə güc strukturlarının aşırı güc tətbiqinə görə üzr istəmək yerinə polisləri “nasist dəstəsi” adlandırdığı bəhanəsi ilə Rodrigesi məhkəməyə vermişdi.

Ardınca, 2020-ci ilin fevralında “Sarı jiletlilər” hərəkatının yaradıcısı Erik Drue Fransa prezidenti Emmanuel Makronun da olduğu Parisdəki illik Beynəlxalq Kənd Təsərrüfatı Salonunun ərazisindən zorla çıxarılmış, hüquqlarını qorumağa cəhd etdiyi zaman isə “hakimiyyət nümayəndəsinə müqavimət” maddəsi ilə barəsində araşdırma aparılmış, məhkəməsi keçirilmişdi.

Polis və digər güc strukturları tərəfindən repressiyalar, məhkəmə orqanlarının “Sarı jiletlilər” hərəkatının üzvlərinə qarşı qərəzli hökmləri, “COVID-19” virusu ilə bağlı uzunmüddətli məhdudiyyətlər və s. addımlar sayəsində Makron hakimiyyəti bu gün də davam edən hərəkatın intensivliyini zəiflətsə də, tam aradan qaldıra bilməyib. Sosioloji rəy sorğuları fransızların 40%-dən çoxunun hələ də “Sarı jiletlilər” hərəkatını dəstəklədiyini ortaya qoyub.

Maraqlıdır, Nikolas Şmit Fransada bu repressiya dalğası ilə bağlı bir etiraz çıxışı, narahatlıq ifadə edibmi? Aksiyalarda azı 11 etirazçının ölümü, 1000-ə yaxın insanın yaralanması, 30 nəfərin gözünü itirməsi və s. ağır xəsarətlər alması onda təəssüf və etiraz hissi yaradıbmı?

Yaxud, “ədalərsevər” Nikolas Şmit son vaxtlar Fransanın dənizaşırı koloniyası Yeni Kaledoniyada davam edən etirazlar, yerli kanak xalqına qarşı güc tətbiqi, müstəqillik tərəfdarlarının siyasi xaraktelri həbsi barədə nə düşünür?

Fransa hakimiyyəti Kaledoniya İttifaqı Partiyasının prezidenti Kristian Teni və azadlıq hərəkatının daha 10 üzvünü – Brenda Wanabo, Frederique Muliava. Guillaume Vama, Joël Tjibaou, Yewa Waetheane, Steeve Unë, Dimitri Tein Qenegei, Gilles Joredie və digərlərini iyun ayından bəri həbs edərək, öz doğma evlərindən 17 min kilometr uzağa, Fransanın materik ərazisinə etap edib. Neokolonial siyasi təfəkkürün məhsulu olan bu repressiya dalğası Aİ-də heç bir etiraz doğurmayıb, baş verənlərə etinasız yanaşılıb.

Bu situasiyada, Rəsmi Parisin iğtişaşa təhrik və s. qondarma ittihamlarla həbsdə saxladığı bu siyasi məhbuslara görə özünü insan haqları carçısı kimi təqdim edən Nikolas Şmit bir dəfə olsun etiraz çıxışı etməyib. 70 yaşlı siyasətçi bu vaxta kimi Avropa İttifaqında çiçəklənən və hər il millətçi partiyaların daha çox səs topladığı mühitdə cəmiyyətdə islamafobiya, irqçilik, turkofobiya və yeni yaranan ukraynafobiya ilə bağlı narahatlığını dilə gətirməyib, “qoca qitə”də insan haqları ilə bağlı durumun narahatedici həddə qədər ağırlaşdığını deməyib.

Əvəzində, Cənubi Qafqazın ən sabit, cəmiyyətin kəskin siyasi qütbləşməsindən uzaq ölkəsi olan Azərbaycanı hədəfə alıb, rəsmi Bakıya qarşı planlı qaralama kampaniyasının bir elementinə çevrilib.

Aİ komissarının öz səlahiyyətləri çərçivəsinə daxil olmayan mövzularda danışmaq yerinə, birbaşa öhdəliklərindən doğan gündəm məsələlərə, misal üçün Avropa İttifaqında işsizlik səviyyəsinin azaldılmasına enerjisini sərf etməsi daha faydalı olardı. Avropa İttifaqının oktyabrın 8-də açıqladığı son statistik məlumata görə, İttifaq ərazisində 13 milyon yəni, iqtisadi blokun 5,9% sakini işsizdir.

Bu fonda, Aİ komissarının və onun kimi müxtəlif ranqlı fərqli siyasətçilərin verdikləri açıqlamalar və demokratiya dərsi keçməyə cəhdləri gülünc və qeyri-ciddi görünür.