Sabunçu tunelini tikən şirkətdən açıqlama: “Dramatikləşdirməyə ehtiyac yoxdur”backend

Sabunçu tunelini tikən şirkətdən açıqlama: “Dramatikləşdirməyə ehtiyac yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb. Bundan əvvəl tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-nin müdir müavini problemin səbəbləri barədə araşdırma başladıldığını demişdi.

NOCOMMENT.az xəbər verir ki, Pravda.az-ın əməkdaşı araşdırmanın gedişatı ilə maraqlanmaq üçün yenidən həmin MMC ilə əlaqə saxlayıb.

Bu dəfə özünü şirkətin hüquqşünası kimi qələmə verən və soyadını açıqlamaq istəməyən Rüfət adlı şəxs deyib ki, məsələ ilə bağlı araşdırmanı şirkət deyil, dövlət orqanları həyata keçirir:

“Dövlət layihəsidir, tunel sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır (“Azərbaycan Dəmir Yolları” QSC). Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır.

Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. Şirkət motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb.

İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub.

İstər “Körpü Bina Tikinti” MMC, istərsə də digər tikinti şirkətləri işi başa çatdırandan sonra 1 il zəmanət üçün nəzarət edir, bundan sonra müvafiq dövlət orqanlarına təhvil verir. Şirkət illər boyu tikilinin arxasınca getmir. Nəzarəti artıq müvafiq dövlət orqanları davam etdirirlər.

Hadisə günü motorların işləyib-işləməməsi bizə aid deyil. Məlumata görə, motorlar işləyib, sadəcə, yağıntıların miqdarı normadan artıq olduğu üçün kanalizasiyalar yüklənib, su geri qayıdıb. Kimsə bizi günahlandırmaq istəyirsə, birinci iş barədə ətraflı öyrənsin.

“Körpü Bina Tikinti” MMC bundan başqa onlarla körpü tikib, heç birində qüsur olmayıb. Ona qalsa, “Bağırov körpüsü”nə də su dolub.

Fövqəladə hal nəticəsində baş verən hadisədir, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Allah həyatını itirən iki vətəndaşımıza rəhmət etsin. Ailələrin acıları ağırdır, başları sağ olsun.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, iki nəfərin həlak olması motorların işləməməsi, tuneli su basması ilə əlaqədar deyil. FHN əməkdaşları onların yanında olarkən su hələ bellərinə çatmamışdı. Su maşının qapısında idi. Yeriyə-yeriyə çıxa bilərdilər. Nəyə görə sudan çıxmadıqları müəmmalıdır. Araşdırma gedir, yəqin ki, nəticəsi mətbuata açıqlanacaq. Kim yaxşı iş görür, ayağından dartmaq istəyirlər. 4 il əvvəl tikib, təhvil vermişik. Görən görür ki, orada “Körpü Bina Tikinti” MMC-lik nə var?”