Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin tərkibinin bir hissəsi dəyişib. Əvvəlki çağırışlarda uzun illər təmsil olunan deputatlar parlamentin yeni tərkibində yer almayıblar.
NOCOMMENT.az xəbər verir ki, modern.az VI çağırışın yenidən seçilməyən deputatlarının harada və nə işlə məşğul olması ilə maraqlanıb.
1995-ci ildən deputat olan Vasif Talıbov bu dəfə parlamentə düşə bilməyib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) budəfəki seçkilərdə onun namizədliyini irəli sürməmişdi. Məlumata görə, Naxçıvan Ali Məclisinin sabiq sədri hazırda heç bir işlə məşğul deyil. Onun Naxçıvanda yaşadığı barədə xəbərlər yayılıb.
Araşdırmamız nəticəsində məlum olub ki, VI çağırış Milli Məclisin deputatlarından Kamilə Əliyeva Bakı Dövlət Universitetinin genetika kafedrasının müdiri vəzifəsində çalışır. O, məlumatı bir müddət əvvəl saytımıza açıqlamasında da təsdiq etmişdi. “Bundan sonra da fəaliyyətimi burada davam etdirəcəyəm”, – Kamilə Əliyeva açıqlamasında deyib.
VI çağırış Milli Məclisin bitərəf deputatlarından olan Etibar Əliyev isə hansı işlə məşğul olduğunu belə açıqlayıb: “Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəm”.
Hakim partiyanın namizədlər siyahısına düşməyən VI çağırış Milli Məclisin deputatlarından biri də Aqil Məmmədovdur. O, hazırda heç bir rəsmi bir işdə çalışmır. Bunu onun özü saytımıza təsdiqləyib. “Hazırda rəsmi işlə məşğul deyiləm. İş üçün heç bir yerə müraciət də etməmişəm. Hər hansı işim olacaqsa, xəbəriniz olacaq”,- A.Məmmədov deyib.
Hakim Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisdə təmsilçisi olan Oqtay Əsədov hazırda təqaüddədir. Sabiq spikerin səhhətində müəyyən problemlərin yaranması barədə xəbərlər yayılıb.
VI çağırış Milli Məclisin bitərəf deputatlarından Rüfət Quliyev isə seçkilərdən sonra akademik karyera və marketinq üzrə məsləhətçi kimi çalışmağa başlayıb. Rüfət Quliyevin, həmçinin “CBC” telekanalında iki verilişi var. Verilişlərin adları belədir: “Sahibkar saatı”, “Dünya iqtisadiyyatı və Azərbaycan”.
Nizami Cəfərov isə Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışır.
VI çağırış Milli Məclisin bitərəf deputatı Vahid Əhmədov isə gələcək fəaliyyəti ilə bağlı bunları demişdi: “Hələlik ailə qayğıları ilə məşğulam. Müəyyən ailədaxili məsələlər var. Sağlamlığımla məşğulam. Hələlik, dincəlirəm. Seçkidən sonra yəqin ki, siyasətlə məşğul olacam. Mən siyasətdən aralanmıram. Hələlik müəyyən problemlər olduğu üçün kənara çəkilmişəm”.
Sabir Rüstəmxanlı, Tahir Kərimli, Fəzail Ağamalı isə partiya sədrləri olaraq fəaliyyətlərini davam etdirirlər. VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova hazırda Dünya Alpaqut Federasiyasının Prezidentidir.
Sabiq deputatlardan Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır. Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur. Eldəniz Səlimov isə hələ də həbsdədir.