Qədim zamanlardan bəşəriyyət iki təbəqəyə bölünüb. Birincisi ehtiyatlara və istehsal vasitələrinə sahib olanlar, ikincisi yaşamaq üçün birinciyə xidmət edənlər. Biznes nəşrlərində çalışan jurnalistlərin hesablamalarına görə, birincilərin sayı hazırda 700 min nəfərə yaxındır.
NOCOMMENT.az bildirir ki, bu, planetin ümumi əhalisinin təxminən 0,1%-ni təşkil edir. Bu şəxslərin qazanclarında da leqal olmayan nüanslar mövcuddur. Bu qeyri-leqal vəsaitlərin isə qanuniləşdirməyin rahat və asan yolu fırçadan keçir. İllər ərzində rəsm əsərləri və digər qiymətli əşyalara verilən pulların daha çox gəlir gətirdiyi, eyni zamanda çirkli pulların “yuyulduğu” məlum olub.
İncə sənət bazarı
Odur ki, incəsənət bazarı dünyanın ən varlı adamlarının nəzərində əhəmiyyətli yer tutur. Çünki çirkli pullar alınan rəsm əsərlərində əks olunmur. Dünyada “Sotheby’s” və “Christie’s” kimi qlobal nəhəng hərrac evləri var. Onların müştərilərinin kimliyini açıqlamaq kimi qanuni öhdəlikləri yoxdur. İş o yerə çatıb ki, hətta Klod Monenin əsərlərini alan anonim şirkətlərin benefisiar sahibləri belə naməlum olaraq qalır. Rəssam Devid Hokninin “İki fiqurlu hovuz” portreti 90,3, rəssam Ceff Kunsun “Dovşan” heykəli auksionda 91, Alberto Cakomettiyə aid olan “İşarə edən adam” heykəli 104 və “Əlcəzair qadınları” tablosu hərracların birində 179 milyon dollara satılıb. Alıcıların adları da məlum deyil.
Əntiq əşyaların və incəsənət obyektlərinin auksion satışı üzrə qlobal bazarın 90 faizi “Christie’s” və “Sotheby’s” hərrac evlərinə məxsusdur. 2024-cü ilin birinci yarısında hər iki hərrac evində satışlar beynəlxalq aləmdə baş verən hadisələr fonunda azalsa da, gəlirləri əvvəlki illərdə yüksək olub.
Məsələn, 2017-ci ildə Leonardo da Vinçiyə aid olduğu güman edilən “Dünyanın xilaskarı” tablosu Nyu-Yorkdakı “Christie’s” hərracında 400 milyon dollara satılıb. Hərrac komissiyası 50 milyon dollardan çox olub. Eyni auksionda Jan-Mişel Baskiyanın “Tozlu başlar” tablosu 43,5 milyon dollara alınıb. Hərrac evinin tələb etdiyi komissiya 5,3 milyon dollar təşkil edib.
Dünyanın 3 ən böyük hərrac evinin 2022-ci ildə satışları rekord həddə – 18 milyard dollara çatıb. Beynəlxalq ekspertlərin fikrincə, bu rəqəmlər birbaşa olaraq çirkli pul adlandırılan vəsaitlərin dövriyyəsinin artmasından xəbər verir. Yeri gəlmişkən, bu gün “Christie”nin ofisləri 43 ölkədə yerləşir. 1999-cu ildən hərrac evinin daimi sahibi fransız milyarder Fransua Pino, geniş şəxsi incəsənət kolleksiyasının, şərab zavodlarının, “Gucci” və “Yves Saint Laurent” moda evlərinin sahibidir. O, həm də aktrisa Salma Hayekin qayınatasıdır.
Çirkli pulların cənnəti, fürsətcil qitə
Rəsm əsərlərini seyfdə, hətta soyuducuda saxlamaq mümkün deyil. Onlar üçün müəyyən saxlama şərtləri tələb olunur. Bu məqsədlə friport adlanan yerlərdən – elitanın qızıl külçələri, nadir şərab butulkalarını və illərlə sənət əşyalarını gizlətdiyi güclü mühafizəsi olan nəhəng anbarlardan istifadə olunur.
İsveçrə, Fransa və ABŞ isə bu sahədə daha məşhurdur. Ən yaxşı ustaların rəsmlərinin saxlandığı nəhəng anbarların içərisində xüsusi temperatur rejimi yaradılır və müəyyən rütubət saxlanılır. Təbii ki, friportlarda saxlanılan sənət əsərlərini sərgilərdə və ya hər hansı ictimai tədbirdə görmək mümkün deyil.
İsveçrə Maliyyə Nazirliyi friport sistemində yerləşdirilən malların dəyərini heç olmasa təqribən hesablamağa çalışıb. Nəticə 100 milyard İsveçrə frankı, 1,2 milyon sənət əsəri və 3 milyon şüşə şərab olub. Bu anbarlar ictimaiyyətə açılsaydı, dünyanın ən yaxşı muzeyi olardı.
Hər halda, onlar eksponatların sayına görə Luvr, Prado və Ermitajı mütləq üstələyəcəklər. Həm də söhbət təkcə vergidən yayınmaqdan getmir. İsveçrə səlahiyyətliləri də içərisində olanların mənşəyi ilə bağlı suallar verməyə başlayıblar. Məlum olub ki, bura sadəcə çirkli pulların yuyulması üçün cənnətdir.
Sərfəli investisiyalar
Gözlənilməz iş şəraiti halında, sənət obyekti şəklində əldə edilmiş aktiv nisbətən tez və əngəlsiz olaraq müvafiq nağd pula dəyişdirilə bilər. Nə qədər baha alsanız, sonradan bir o qədər baha sata bilərsiniz. Beləliklə, məşhur rəssamın rəsm əsəri hərracda müəyyən edilmiş nominallı əskinas növünə çevrilir.
Digər tərəfdən, erkən dünyasını dəyişən incəsənət adamlarının əsərlərinin baha satılmasının arxasında da müəyyən məqsədlər dayanır. Xüsusən də alkoqoliklər və narkomanlar “böyük sənətkar” hesab edilir. Mətbuatda qısa müddətdə şişirdilir. Zatən mərhumun yazılanların təkzib edəcək halı da yoxdur.
Mərhumlar fotoşəkillərdə yaxşı düşəcək, onlarla nə isə paylaşmağa ehtiyac olmayacaq, sirr saxlamağı da bilirlər və heç vaxt heç bir siyasi partiyanın da üzvü olmayacaqlar. Son illər hərraca çıxarılan portretlərin çoxu dərin məna kəsb etmir.
Qustav Klimt, Pablo Picasso və Frida Kahlo kimi müxtəlif üslubları yaradan və özündən sonrakı gənclərə təsir etmək qabiliyyətinə də malik deyillər. Odur ki, “alan razı, satan razı” prinsipi ilə hərrac evləri faizini alaraq çirkli pulların susuz yuyulmasına rol oynamaqda şübhəli sayıla bilər.\\Yeni Musavat