Yeməli göbələkləri necə ayırd edək? – Azərbaycanda yetişən ən zəhərlisi budur – AÇIQLAMAbackend

Yeməli göbələkləri necə ayırd edək? – Azərbaycanda yetişən ən zəhərlisi budur – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi hallarda qida zəhərlənmələri arasında göbələyin törətdiyi fəsadlara da rast gəlinir. Bugünlərdə Xaçmaz rayonunda meşədə yığdıqları göbələyi yedikdən sonra zəhərlənən iki nəfərin ölümü bu məsələni yenidən gündəmə gətirib. Göbələkdən zəhərlənmə hallarına tez-tez rast gəlinməsə də, təəssüf ki, bəzən bu kimi bədbəxt hadisələr baş verir. Göbələyin bir çox faydaları olsa da, məhz zəhərlənmədən çəkindiyi üçün rasionlarında bu qidadan istifadəyə qadağa qoyanlar da az deyil. Amma göbələklər zəhərli və yeməli olaraq qrupa bölünür. Azərbaycanda yetişən ən zəhərli göbələk Amanita cinsinə məxsus solğun əzvaydır. Bu göbələk o qədər zəhərlidir ki, onun kiçik bir hissəsinin qəbulu ölümə səbəb ola bilir. Mənfi tərəfi odur ki, zəhərli göbələyi yeməli göbələkdən fərqləndirmək çətindir. Çünki əksər hallarda bir çoxları solğun əzvayı şampinyon göbələyi ilə səhv salır. Solğun əzvayın tərkibində bir neçə qrup zəhərli maddələr var. Bunların ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrinin məhvinə səbəb olur. Nəticədə, qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək, ölümə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova İqtisadiyyat.az-a açıqlamasıda deyib ki, göbələkdən zəhərlənmə halları bir çox hallarda zərərli və zəhərli göbələklərdən qaynaqlanır. Onun sözlərinə görə, bu da insan orqanizmində ciddi fəsadlara, hətta ölümə qədər gətirib çıxara bilər.

Mütəxəssis zəhərli göbələkləri tanımayan insanları mənşəyi bəlli olmayan yerlərdən alınan və xüsusilə də meşədən yığdıqları göbələkləri risk qrupuna daxil edildiyindən istifadə etməməyə çağırıb.

Qida eksperti zəhərli göbələyi digərlərindən seçməyin bir neçə üsulunun olduğunu söyləyib: “Bu onun görünüşündə rənglərinə görə ola bilər. Daha tünd-qırmızıya çalan rəngli göbələklər zəhərli hesab edilir. Bundan başqa, zəhərli göbələk daha kəskin və xoşa gəlməyən qoxuya malik olur. Bu da onun ənənəvi yeyiləbilən göbələk növünə aid olmadığını göstərir. Xüsusilə də üzərində əgər ləkələr və örtük varsa, daha tünd rənglidirsə, deməli həmin göbələk zəhərlidir”.

M.Hüseynova göbələk zəhərlənməsindən qorunmağın yollarından da danışıb. O bildirib ki, göbələk istifadə edən insanların onu mənşəyi bəlli olan yerlərdən almaları mütləqdir: “Onu saxlayarkən və yaxud bişirərkən sanitar-gigiyenik normalara riayət edilməlidir. Yeni, təzə bişirilmiş göbələklərdən istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, bir çox zəhərli göbələk növü vardır ki, bunlar da rənginə, quruluşuna görə zəhərli olmayan göbələk növlərinə bənzəyir. Bu da bir çox insanda çaşqınlıq yarada bilər. Nəticədə həmin göbələkləri qəbul etdikdən sonra zəhərlənmə və ölümlə nəticələnə bilər”.

Mütəxəssis göbələkdən zəhərlənmənin əlamətlərindən də danışıb. Onun sözlərinə görə, zəhərlənmə daha çox ürəkbulanma, qusma, eləcə də görmə qabiliyyətinin itməsi, mədədə ağrı və ishal kimi hallarla müşahidə olunur.

Qida mühəndisi Fərid Səfərov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, göbələk zəhərlənməsinin simptomları həmin məhsulda olan zəhərdən asılı olaraq dəyişir. Onun sözlərinə görə, göbələk yeyildikdən iki saat sonra qısa müddət ərzində zəhərlənmə əlamətləri görülür:

“Başgicəllənmə, aşağı təzyiq, bulanıq görmə, üz və boyun qızarması, nəbzin artması, ağızda metal dadı, ürəkbulanma və qusma, tərləmə, ishal, qarında ağrılar, daha sonra qaraciyər və böyrəklərin pozulması, koma və ölüm baş verə bilər. Göbələk zəhərlənməsinə məruz qalan şəxs heç vaxt dərman və ya süd, qatıq kimi məhsullar istehlak etməməlidir. Dərhal tibb müəssisəsinə müraciət etməli və mümkünsə yediyi göbələkdən nümunəni tibb müəssisəsinə aparılmalıdır. Müxtəlif növ zəhərlənmələrə qarşı müxtəlif dərman müalicəsi tətbiq edilir”.

Qida mütəxəssisi göbələk zəhərlənmələrindən qorunmaq üçün bəzi qaydalara əməl etməyin vacib olduğunu vurğulayıb: “Zəhərli olmayan göbələk növlərini tanımaq lazımdır. Bildiyiniz yerdən alın, təmizliyinə və təzə olmağına diqqət edin. Göbələklər alındıqdan sonra dərhal bişirilməlidir. Bişmiş göbələkləri digər bişmiş yeməklər kimi soyuducuda saxlamaq olar. Bundan əlavə, göbələkləri qorumaq üçün qurutma, konservləşdirmə və duzlama kimi saxlama prosesləri də var”.