“Ümumi təhsil 8 il müəyyən edilməli, bir çox universitetlər bağlanmalıdır” – Təhsillə bağlı AÇIQLAMAbackend

“Ümumi təhsil 8 il müəyyən edilməli, bir çox universitetlər bağlanmalıdır” – Təhsillə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun illərdir ölkədə aparılan uğursuz təhsil siyasəti, milli etnopedoqoji mühitə tamamilə uyğun olmayan kurikulum proqramı, səriştəsiz idarəçilik, korrupsiya və rüşvətxorluq təhsili tamamən çökdürüb və hazırki tənəzzül həddinə gətirib. Bu illər ərzində vəziyyətdən çıxış üçün xeyli uğursuz cəhdlər edilməsinə, saysız-hesabsız səmərəsiz layihələr, sistemdaxili struktur dəyişiklikləri, absurd kadr rakirovkaları həyata keçirilməsinə baxmayaraq, heç bir müsbət nəticə hasil olmayıb”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında təcrübəli psixoloq, Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin sədri Famil Səfərov səsləndirib. O bildirib ki, dalana dirənən “islahatçılar” gah vəziyyətdən çıxış üçün əl-ayağa dolaşan iri məmurları güdaza verir, gah da günahkar axtarışına çıxıb manipulyasiya edirlər: “Bu günlərdə Təhsil naziri Emin Əmrullayev mətbuata verdiyi müsahibələrdə 12 illik təhsilə keçid və onun reallaşması yolları, uşaqların məktəb təhsilinə 5 yaşından başlaması haqqında fikirlər səsləndirdikdən sonra bəzi “ekspertlər” davamlı şəkildə bu mövzunu gündəmə gətirməyə başlayıblar. Görəsən, bu ölkədə “təhsil eksperti” yarlığını bu adamların adının önünə hansı qurum və hansı xidmətlərinə görə yapışdırır? Siz hansı elmi-pedaqoji və sosial araşdırmalardan sonra təhsili 12 illik etmək qərarına gəldiniz? Hansı mənbədə yazılıb ki, dünyanın 180 ölkəsi 12 illik təhsil sisteminə keçib?

Niyə ictimaiyyəti aldadırsınız? Siz bilirsinizmi ki, Azərbaycan kimi bir ölkədə onun təhsilinin və ictimai-iqtisadi durumunun hazırki dönəmində bu keçid hansı fəsadlarla nəticələnə bilər? Elmin, texnologiyanın və ümumən həyat ritminin bu sürətli inkişaf dönəmində bu absurd fikir sizlərin ağlına necə gəlib? Müasir insan bilikləri 10 il əvvəlki metodlarla mənimsəmir axı, cənablar! Siz bunun fərqindəsinizmi? Bu gün orta məktəb dərsliklərinin informativ yükünü maksimum azaltmaq zərurəti və tədris proqramlarını bacarıqlar aşılayan təlimlər, oyun terapiyaları və rəngarəng interaktiv treninqlər vasitəsilə şagirdlərə mənimsətmək zamanı gəlib. Siz isə 12 illik təhsildən, tədrisə 5 yaşından başlamaqdan dəm vurursuz”, – psixoloq vurğulayıb.

Famil Səfərovun sözlərinə görə, xüsusi hallar istisna olmaqla, insan övladı yalnız həm fizioloji, həm psixoloji, həm də əqli cəhətdən məktəb təhsilinə, parta arxasında oturmağa yalnız 7 yaşında hazır olur: “Bunu eramızdan əvvəldən indiyədək bütün dahi insanlar, alimlər, təbiblər, peyğəmbərlər də belə buyurub. Bəs sizlər hara tələsirsiniz? Bu xalqın övladlarını kütləvi savadsızlığa düçar etmisiniz, indi də mənəvi və fiziki cəhətdən şikəst etmək istəyirsiniz? Belə məsələləri ortalığa saldığınız “təhsil ekspertləri”nin heç bir elmi əsası olmayan gülünc yazıları ilə deyil, ölkədə hələ sağ qalan alim pedaqoqların, psixoloqların, illərlə təhsilin içində olan çəfakeş müəllimlərin fikirlərini nəzərə almaqla, təhsil ictimaiyyətini dinləməklə həll etmək lazımdır”.

“Mümkündür ki, hansısa uşaq daha yetkin olsun. Ancaq orta hesabla belə uşaqlar say etibarilə çox azdır. Biz işimizi belə inkişaflı şagirdlərə görə qursaq, nəticədə uşaqların ən azı 70 faizini itirmiş olarıq”.

Bu fikirləri isə saytımıza müsahibəsində təcrübəli pedaqoq Abbas Şıxlı deyib. O hesab edir ki, təhsil illərinin sayını artırmaq yox, onun məzmununu və pillələrini dəyişmək lazımdır:

1. Təhsil proqramları və dərsliklər yenilənməli, hər bir fənn üzrə yalnız bütün peşələrdə lazım ola biləcək ən zəruri və hər bir uşağın öyrənə biləcəyi daha sadə bilik və bacarıqlar saxlanılmalıdır.

2. Ümumi təhsil 8 il müəyyən edilməlidir.

3. Universitet şəbəkəsi əvəzinə peşə-ixtisas məktəbləri şəbəkəsi genişləndirilməlidir.

4. 8 illik ümumtəhsil attestatı almış şagirdlər istək və bacarıqlarına görə seçilməlidir. Elmi potensialı yuxarı olan şagirdlər imtahanla növbəti pilləyə, universitet və yüksək peşə ixtisasına hazırlıq səviyyəsinə qəbul edilməlidir. Bu mərhələyə ciddi nəzarət edilməli, nə şagirdlər, nə də müəllimlər əlavə məşğələyə ehtiyac duymamalıdır. Təbii ki, bu mərhələdə dərs deyən müəllimlər də seçilməli, daha təcrübəli, daha peşəkar və savadlı, eyni zamanda işini vicdan və məsuliyyətlə yerinə yetirən müəllimlər cəlb edilməli, onlara daha yüksək maaş verilməlidir.

5. Bu mərhələdə oxuyan şagirdlərə (xüsusən yüksək nəticələri olanlara) təqaüd verilsə, işin xeyrinə olar. Hazırlıq mərhələsini bitirən şagirdlər bir daha seçilməli, universitet və yüksək peşə-ixtisas məktəblərinə yönəldilməlidir. Yüksək ixtisasa hazırlıq mərhələsinin 2 il olması kifayətdir.

6. 8 illik təhsili aşağı və orta nəticə ilə bitirən şagirdlər isə sadə peşələr öyrədən məktəblərlə əhatə edilməlidir.

7. Universitetlər çox ciddi attestasiya olunmalı, yalnız ən keyfiyyətli, dünya universitetləri ilə rəqabət apara bilənlər saxlanmalı, digərləri bağlanmalı, yaxud yüksək peşə ixtisası verən məktəblərə çevrilməlidir. İndiki kimi hamıya ali təhsil diplomu vermək xəttindən birdəfəlik əl çəkilməlidir. Rəqabətdə kəmiyyətlə yox, keyfiyyətlə qalib çıxmaq olur.

Pedaqoq əlavə edib ki, insanları, gəncləri aldatmağa, onların olan-qalan pulunu da təhsil haqqı adı ilə əlindən almağa, yaxud təhsil krediti verərək ömürlük borclu etməyə son qoyulmalıdır: “Onsuz da heç 5 min normal iş yeri olmadığı halda hər il 50 min gəncə diplom verib onları niyə aldatmalıdırlar? Axı onlar bu işə yaramayan diploma həm 4-5 illərini, həm də on minlərlə pullarını xərcləyirlər. 5 il aldadıb soyduqdan sonra işə qəbulda ciddi imtahan etməkdənsə, qəbulu ciddi edin ki, gənclər vaxtında özlərinə bir peşə, iş tapsınlar”.