“Məktəblər erkən nikahlara izləyici qalmamalı, öz mövqelərini ortaya qoymalıdırlar”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında deputat Ceyhun Məmmədov söyləyib.
C. Məmmədov qeyd edib ki, erkən nikaha görə valideynlər tətbiq edilən cəzalar sərtləşməlidir:
“Azyaşlıları erkən nikaha cəlb edən valideynlərin daha sərt cəzalandırılması uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Həmçinin, bu məsələ parlamentdə də qaldırılıb. Hətta ötən parlamentin yaz sessiyasında qanunlar müəyyən mənada sərtləşdirilib. Burada xüsusilə valideynlərin rolu böyükdür. Təəssüf ki, valideynlər övladlarına bu şəraiti yaradır, erkən nikaha cəlb olunmasına və təhsildən yayınmasına göz yumurlar. Bəzi valideynlər qızlarının onlar üçün yük olduğunu düşünüb bu addımı atırlar. “Qız yükü, duz yükü” misalını əsas gətirərək, övladlarının təhsildən, dərslərindən yayınması üçün şərait yaradırlar. Bu, qəbuledilməzdir və olduqca ciddi bir məsələdir. Valideynlərə cəzalar sərtləşdirilməli, cərimələr artırılmalı və daha da sərt olmalıdır”.
Deputat qeyd edib ki, məktəblər erkən nikaha cəlb edilən şagirdlərə göz yummamalıdır:
“Məktəblər belə hadisələrə izləyici qalmamalı, öz mövqelərini ortaya qoymalıdırlar. Belə məsələlərə göz yumulduqda, hadisələr daha çox baş verir və biz bunun acı nəticələrini, faciələrini daha da yaşayırıq.
Məktəbin rəhbərliyi kənd və rayonlarda hansısa gəncin artıq dərsə gəlmədiyini asanlıqla müəyyən edə bilər. Rayon icra hakimiyyətləri yanında komissiyalar, Elm və Təhsil Nazirliyi, hüquq-mühafizə orqanları bu məsələni mütləq bildirməli və qaldırmalıdır ki, problemi həll edə bilək”.