Vətəndaş ona məxsus torpaq sahəsinin qonşular tərəfindən zəbt olunmasından şikayətçidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə etirazını sosial şəbəkədə paylaşan sakinin sözlərinə görə, onun torpağının 1.5 sotu qonşular tərəfindən müxtəlif məqsədlər üçün zəbt edilib:
“Mənim 6 sot torpaq sahəm var. 6 sotun mənə məxsus olduğunu təsdiq edəcək sənədlərim də qaydasındadır. Qonşular maşın yolu, kanalizasiya, işıq və su xətti üçün torpağımın 1.5 sotunu zəbt ediblər. Onların evlərinin qapısı belə o torpaq sahəsinə açılmır. Mən indi torpaq sahəmi geri qaytarmaq istəyirəm. Bilmirəm ki, nə edim?”
Maraqlıdır, bəs görəsən, bu kimi hallarla qarşılaşan vətəndaşlar nə edə bilərlər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Vamiq Şükürov bildirib ki, əgər torpağın zəbtinə dair vətəndaşlar arasında mübahisə yaranarsa, bu məqsədlə torpağı zəbt olunan şəxs zəbt edəni məhkəməyə verə bilər:
“Məhkəmə zamanı torpağının zəbt olunduğunu hesab edən şəxs torpağın ona aid olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı, torpağın zəbtinə dair sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə qaydasında cavabdeh şəxs torpağı zəbt etdiyini inkar edib qəbul etməzsə, bu zaman məhkəmə torpağın zəbt olunub-olunmaması ilə əlaqədar ekspertiza keçirməklə bağlı qərardad qəbul edir. Ekspertiza tədqiqatı aparıldığı zaman hər iki şəxsin torpağının koordinatları müəyyən olunur. Bu zaman müəyyən edilsə ki, həqiqətən cavabdeh iddiaçının torpağını zəbt edib, zəbt olunan yerin ölçüsü göstərilərək rəy verilir. Həmin rəy məhkəməyə göndərilir. Bütün sübutlarla bir yerdə ekspert rəyini də nəzərə alaraq zəbt olunmuş torpağın geri qaytarılması barədə qərar çıxarılır”.