“Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir”.
NOCOMMENT.az xəbər verir ki, bu fikri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi ilə böyük tarixi dövr başa çataraq, başqa bir tarixi dövr başladı.
“Başa çatan tarixi dövr, şübhəsiz ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün sona çatması idi və Ermənistanın işğalçı siyasətinə son qoyulması, eyni zamanda, regionda ədalətli yolun başlanğıcı idi. Məhz Şuşa zəfərindən bir gün sonra Ermənistan özünün kapitulyasiyasını elan edərək, üçtərəfli Bəyanata imza atdı.
Bundan sonrakı dövrdə də Azərbaycanın əldə etdiyi iki böyük qələbə var ki, 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, əks həmlə ilə düşmənin əlində olan bütün zirvələri işğaldan azad etdi və o zirvələrdə məhkəmlənərək, Azərbaycan Respublikasının Sərhədlərini müəyyən etmiş oldu”, – deyə o vurğulayıb.
Deputat vurğulayıb ki, bir il sonra – 2023-cü ilin 19 sentyabr tarixində başlanan, cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində isə erməni terrorçu dəstələri məhv edildi və Azərbaycanın suverenliyi tam təmin olundu.
“Bu Azərbaycan dövləti və xalqı üçün çox böyük əhəmiyyətli tarixi hadisələrdir. Eləcə də yüzillərin tarixinə əbədi yazılacaq bir əlamətdar hadisələrdir. Eyni zamanda, Azərbaycanın zəfəri regionda bütövlükdə öz təsirini göstərək yeni bir reallıqları müəyyən etmiş oldu.
Bu, birinci reallıqdır ki, haqq-ədalət həmişə öz yerini tapır və ədalətin bərpa olunması üçün güclü olmalısan. Digər tərəfdən, Azərbaycan qardaş Türkiyə ilə birlikdə regionun titul xalqı olduğunu sübut etdilər və region dövlətləri ilə əməkdaşlığı da məhz iki dövlət təmin və təklif etdi etdi. Bu təklifə görə, “5+1”, “3+3″ olmaqla 6 region dövlətin bir platformada əməkdaşlığı üçün siyasi və iqtisadi şəraitin yarandığına töhvə verdi.
Azərbaycan prezidenti tərəfindən, eyni zamanda Türkiyə prezidenti tərəfindən dəfələrlə bu fikirlər səslənib”, – deyə o əlavə edib.
Deputat təəssüflə bildirib ki, müxtəlif iqtisadi və siyasi maraqlar baxımından Gürcüstan və İran bu təkliflərə birmənalı cavab verməyib:
“Amma zamanla bu təkliflər, artıq reallaşacaq. Burada əsas şərt şübhəsiz ki, Ermənistanla davamlı böyük sülh müqaviləsinin imzalanmasıdır ki, artıq regionda müharibənin tam bitməsi, regionda müharibə təhlükəsinin aradan qaldırılmasını rəsmiləşdirməkdir. Ondan sonrakı dövrdə əməkdaşlıq, region üçün, eyni zamanda böyük Avrasiya üçün əhəmiyyətli dəhlizin işə düşməsi, Zəngəzur dəhlizi də daxil olmaqla, artıq region dövlətləri istər-istəməz sıx iqtisadi inteqrasiyada olacaqlar”.
Deputatın sözlərinə görə, Ermənistanın dəfələrlə bildirib ki, güya onlar sülh müqaviləsinə hazırdır:
“Ancaq hər dəfə bir bəhanə ilə müqaviləni imzalamaqdan boyun qaçırır. Bunun bir çox səbəbləri var, Ermənistanda dövlət formal olaraq müstəqildir, erməni xalqının iradəsi əsasında seçilən insanlar ölkəni idarə etmir. Orda yetəri qədər müxtəlif təsirlər var, o cümlədən erməni diasporunun təsiri var. Çünki Ermənistan konfliktlərdən uzaq bir sülh yolu tutmuş dövlət olacaqsa, demək olar həmin erməni diasporunun heç bir fəaliyyəti qalmayacaq. Əslində, erməni diasporunun yaradılmasında məqsəd güya ki, “Böyük Ermənistan” ideyası idi, bu ideya da qonşu dövlətlərdən əraziləri qopardaraq, özünə birləşdirmək və bütövlükdə isə regionda təxribatçı bir qurumun olması ideyası idi. Buna görə də diaspor müxtəlif təsirlər edir. Eyni zamanda Fransa bölgəyə nəyin bahasına olursa-olsun daxil olmaq və həmin ölkənin sərvətlərini yiyələnməyi tam açıq firmada ortaya qoyub”.
M.Quliyev qeyd edib ki, ABŞ-da da demokratlarin hakimiyyətdə olduğu dövrdə həmişə seçki kampaniyasınanın maliyyələşməsində erməni diasporunun büyük rolu olub.
“Bu mənada, ABŞ-dakı hakimiyyət dəyişikliyi Donald Trampın hakimiyyətinə ciddi təsiri olmayacaq. Ona görə də yeni sülh platformasının reallaşmasına ciddi imkanlar yaranıb, bu ilin sonuna qədər ilkin variantda da olsa sülh müqaviləsinin ortaya çıxmasına şahidlik edə bilərik. Burda ciddi məsələ Ermənistan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı mövqeyinin dəqiqləşdirilməməsidir. Çünki orda yeni fikirlər ortaya çıxıb ki, biz bu addımı atmalıyıq və müəyyən məsələlərdə yeniliklərə imza atmalıyıq, o cümlədən ərazi iddialarından da əl çəkməliyik. Təbii ki, belə bir fikirlər var, ancaq hakimiyyət elitasında bu mövqeyi görmürük.
Ümumilikdə Azərbaycanın qələbəsi, Azərbaycanın daha da güclənməsi regionun ab-havasına təsir göstərməkdədir. Buna inanırıq ki, yaxın zamanda Azərbaycanın təklif etdiyi “3+3” platforması işə düşəcək və regiona sülh, əməkdaşlıq, inkişaf gətirəcək”.