Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, ƏMDX-dən Trend-ə bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.
“Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər-hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.
Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir və vətəndaşları bu cür şayiələrə inanmamağa çağırır. Belə şayiələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”.