İlin ilk 9 ayında Türkiyəyə daxil olan ümumi BBİ(Beynəlxalq birbaşa investisiya) məbləği 7 milyard 670 milyon dollar təşkil edib. Sözügedən dövrdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artım qeydə alınıb və 2002-ci ildən etibarən Türkiyəyə daxil olan BBİ-nin ümumi dəyəri 271 milyard dolları keçib.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,ölkəyə daxil olan ümumi BBİ-nin 4,3 milyard dolları sərmayə qoyuluşunun, 2.2 milyard dolları xarici vətəndaşlara daşınmaz əmlak satışının, 1.6 milyard dollar isə borc alətlərinin payına düşür.
Eyni dövrdə investisiya təxirəsalma təsirlərinin 474 milyon dollar azalması ilə ümumi BBİ girişi 7 milyard 670 milyon dollar təşkil edib.
Ən çox investisiya “topdansatış və pərakəndə ticarət” sahəsində həyata keçirilib
Yanvar-sentyabr dövründə ümumi investisiya kapitalı girişləri 4 milyard 331 milyon dollar olub və “topdansatış və pərakəndə ticarət” sahəsi 932 milyon dollarlıq investisiya ilə 22 faiz pay alıb.
“Kompyuterlər, elektrik-elektron və optik məhsulların istehsalı” sahəsində sərmayə girişləri əvvəlki göstəriciləri üstələyərək ümumi sərmayənin 11 faizini təşkil edib.
Ən çox investisiya cəlb edən digər sahələr isə 9 faiz payla “kimyəvi məhsulların və əsas əczaçılıq məhsulları və materiallarının istehsalı”, 8 faiz payla “maliyyə və sığorta fəaliyyəti” və “peşəkar, elmi və texniki fəaliyyətlər” olub.
BBİ-də Hollandiya, Almaniya, ABŞ, İrlandiya, Azərbaycan və İsveçrə ön plandadır
2002-2023-cü illər aralığında ümumi sərmayələrin tarixi olaraq 58 faizini reallaşdıran Avropa İttifaqı ölkələri, 2024-cü ilin 9 ayında da 52 faizlə ən çox investisiya qoyan region olub.
Əvvəlki dövrün ikinci ən böyük sərmayəçisi olan AB üzvü olmayan Avropa ölkələri isə sözügedən dövrdə 18 faiz payla ikinci ən böyük sərmayə bölgəsi olub.
9 ayda ölkələr üzrə Hollandiya 19 faiz payla ilk sırada olub, onu 12 faizlə Almaniya, 11 faizlə ABŞ, 8 faizlə İrlandiya, 7 faizlə Azərbaycan və İsveçrə izləyib.