Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir – ŞƏRHbackend

Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Qərbin diktəsi ilə Azərbaycana qarşı təxribata çəkilir. Təbii ki, söhbət yeni müharibədən deyil, Azərbaycanla şərti sərhəd bölgələrdə qısamüddətli təxribatlar törətməkdən gedə bilər. Ermənistan hakimiyyəti nə müharibə aparmağa, nə də hər hansı bir uğur qazanmaq iqtidarındadır. Sadəcə, Fransa başda olmaqla Qərb və onun strukturları İrəvanı buna inandırmağa çalışır.

Fransadan Ermənistana silah tədarükü, Hindistandan silah alınması, nəhayət, Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən “S-300″lər verməsi də bu planın tərkib hissəsidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Qərb paytaxtlarında cızılan təhlükəli ssenarinin önündə onu revanşizmə sürükləyən Fransa gedir. Bu ölkə xüsusi canfəşanlıqla üçüncü ölkələr vasitəsilə İrəvana hərbi dəstəyi artırır. Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı missiyası ilə bağlı son təxribatçı hərəkətlər də birbaşa onun tapşırığı ilə həyata keçirilir. Hərbi kolonların Azərbaycanla şərti sərhədə doğru hərəkətini əks etdirən videogörüntülərin Ermənistan sosial şəbəkə seqmentində yayılması da bu təhlükəli ssenarinin tərkib hissəsidir.

Forpost ölkə təhlükəli planın reallaşmasına göz yumur. Rəsmi İrəvan ümid edir ki, sərhəddə qısamüddətli təxribatlar törətməklə uğur qazanmaq ona reytinqini bərpa etməyə kömək edəcək.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan hökuməti ciddi böhran keçirir. Hökumət daxilində kadr dəyişiklikləri aparılsa da, bütün bunlar baş nazirin reytinqinə müsbət təsir etməyib. Ölkə mediasında yer alan xəbərlərdə də vurğulanır ki, Nikol ciddi reytinq böhranı yaşayır, əvvəlki mövqeyə qayıtması üçün isə onun yeniliklərə, populizmə ehtiyacı var. Bu addım da şərti sərhəddə hərbi əməliyyatların yenidən bərpası ola bilər. Paşinyan hökuməti ümid edir ki, qəfil və təxribatçı hərəkətlərlə kiçik bir uğur onun reytinqini artıra bilər.

Sorğuların nəticələri də Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü üzə çıxarıb.

“Gallup İnternational”ın keçirdiyi son sorğunun nəticələrinə görə, respondentlərin 34,5%-i Paşinyanı dəstəkləyib, 54,1%-i onun fəaliyyətindən narazı olduqlarını bildirib. Nikolun altıillik hakimiyyətinin tarixə Ermənistan üçün “fəlakətli illər” kimi düşdüyünü əksəriyyət artıq qəbul etməyə başlayıb. Hətta tərəfdarları belə ondan üz döndərir.

Məsələ ondadır ki, Paşinyan 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində qalib gəlmək arzusundadır. Əgər məqsədinə çatarsa, bu, onun 2031-ci ilə qədər hazırkı vəzifəsində qalmasını təmin edə bilər. Mövcud vəziyyət isə Paşinyanın planları ilə üst-üstə düşmür. Ona görə də Nikol yenidən üzünü Qərbə tutmağa məcburdur. Halbuki, son günlərə qədər Moskva ilə İrəvan arasında münasibətlərin əvvəlki mövqeyə qayıdacağı bildirilirdi. Hətta Ermənistan KTMT-nin bu yaxınlarda keçirilən iclasına belə qatılmışdı. Lakin qəfildən Astanada keçirilən bugünkü sammitdə iştirakdan boyun qaçırdı.

Yeri gəlmişkən, Ermənistanın yenidən silahlanması, revanşist əhvali-ruhiyyənin dəstəklənməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir. Bu təxribatda heç bir xarici dəstəyə baxmayaraq, Ermənistanın nəinki qalib gəlmək, hətta “öz əlində olanı saxlamaq” şansı yoxdur.

Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da bu çirkin planın tərkib hissəsidir. Məhz Yelisey sarayının təzyiqi ilə belə bir missiyanın Ermənistanda fəaliyyətə başladığı sirr deyil.

Bu missiya saraydan aldığı tapşırıq və tezislərə uyğun olaraq Azərbaycana qarşı çirkin bəyanat və addımları ilə yadda qalıb və fəaliyyətini dayandırmağa tələsmir. Halbuki, 2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə də dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.

Beləliklə, Qərbin Ermənistanla bağlı atdığı addımlar bölgəni ciddi formada gərginliyə sövq edir. Yaradılan vəziyyət Cənubi Qafqaza yeni münaqişələr, qarşıdurmalar vəd edir, gərginliyi artırır. Rusiya rəsmiləri də bəyanatlarında bu məqama toxunurlar. Qərb dövlətləri təxribatların həm onlar üçün, həm Ermənistan üçün ciddi fəsad və təhlükə yaradacağını nəzərə almalıdır. Hazırda məsuliyyət Ermənistanın üzərinə düşür və İrəvan çox diqqətli olmalıdır. Ermənistan 30 il ərzində Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı və nəhayət, çox ağır itkilərlə, faciələrlə üz-üzə qaldı. Ona görə də Ermənistan həmin çirkin təbliğatdan, siyasi oyunlardan uzaq olmalıdır.

Bir sözlə, hazırda bölgədə Fransanın simasında Qərb və Rusiya qarşıdurması gedir. Qərb çalışır ki, Cənubi Qafqazda yeni cəbhə, münaqişə ocağı yaratsın. Bu da Rusiyanın diqqətini Ukraynadan çəkib Cənubi Qafqaza yönəltmək niyyəti güdür. Bu, çox təhlükəli yanaşmadır və bütün dövlətlər üçün ciddi problem yarada bilər.