“World Telecom”da “kartdan karta” əməliyyatı – Onlayn ödənişdə ƏDV-ni hesablamır – VİDEOFAKTbackend

“World Telecom”da “kartdan karta” əməliyyatı – Onlayn ödənişdə ƏDV-ni hesablamır – VİDEOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının ən tanınmış və geniş filial şəbəkəsinə malik telefon mağazalarından biri olan “World Telecom”la bağlı qaydalara uyğun olmayan ödəniş əməliyyatları barədə iddia ortaya atılıb.

NOCOMMENT.az xəbər verir ki, 32gun.az-ın qaynar xəttinə daxil olan şikayət və görüntüdə sözügedən mağazalar şəbəkəsində qanunvericilikdən kənar “kartdan karta” ödəniş üsullarının tətbiq edildiyini göstərir.

Saytımıza daxil olan görüntüdə “World Telecom” mağazalarının Nərimanov filialında ödəniş “kartdan karta” əməliyyatlarla həyata keçirildiyi görülür.

Bundan əlavə, POS-terminal vasitəsilə ödəniş qəbul edilmir, yalnız şəbəkənin Sahil filialında bu xidmətin mövcud olduğu qeyd olunur. Bu vəziyyət istehlakçı hüquqlarının pozulması və qanunvericiliyin tələblərinə zidd fəaliyyət kimi qiymətləndirilə bilər.

Onlayn ödənişlərdə ƏDV probleminə diqqət

Şikayətçilər həmçinin bildirirlər ki, onlayn şəkildə həyata keçirilən kredit ödənişlərində Əlavə Dəyər Vergisi (ƏDV) hesablanmır və ödəniş qəbzlərində bu məbləğ göstərilmir. Bu isə müştərilərə əlavə maliyyə şəffaflığının təmin olunmaması deməkdir. Şirkət rəhbərliyi isə bu problemlərə müxtəlif bəhanələrlə yanaşır.

Bu kimi hallar qanun pozuntuları ilə yanaşı, müştəri məmnuniyyətinin azalmasına və brend etibarına ciddi zərər verə bilər.

Müştərilər bildirirlər ki, POS-terminalın olmaması və ƏDV-nin qeydə alınmaması ilə bağlı mağaza tərəfindən müxtəlif bəhanələr gətirilir. Ancaq bu vəziyyət həm istehlakçı hüquqlarının, həm də dövlət büdcəsinə ödənilməli olan vergi öhdəliklərinin pozulması ehtimalını artırır.

Qeyd edək ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.