Xəbər verdiyimiz kimi, dünən Maltanın paytaxtı Vallettada ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 31-ci iclası başlayıb. ABŞ dövlət katibi Antoni Blinken iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb olaraq bildirilib ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır.
Maraqlıdır, Azərbaycanın bu addımının pərdəarxasında nələr dayanır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirmək istəyi Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi daşıyırdı.
Politoloq qeyd edib ki, Bakı görüşdən məhz ABŞ-nin vasitəçiliyini istəmədiyi üçün imtina edib:
“Bu görüş sadəcə “topal ördəyin” xeyrinə olacaq addım idi və sülh danışıqlarının irəliləməsi baxımından nəticəsiz olacaqdı. Bakı bununla sülh danışıqlarının post-Bayden dövrünə saxlamaqla Trampa jest edir. Səbəbin “Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz siyasəti” olduğunu göstərən Bakı bununla Ağ Evin gələcək administrasiyasına da ABŞ-nin bölgədəki proseslərdə iştirakı Azərbaycanla münasibətlərdən asılı olacaq mesajını verir”.