Amerikanın “AllianceBernstein” investisiya şirkəti ötən il “Credit Suisse” və UBS-nin birləşməsinə görə İsveçrə hökumətini məhkəməyə vermək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Yada salaq ki, 2023-cü ilin martında iflas ərəfəsində olan Credit Suisse təcili olaraq digər İsveçrə bankı UBS-ə satılıb, əməliyyat tamamilə İsveçrə hökumətinin nəzarəti altında olub. Sövdələşmənin bir hissəsi olaraq səlahiyyətlilərin əmri ilə əvvəllər Credit Suisse tərəfindən buraxılmış AT1 istiqrazlarının dəyəri silinib – təxminən 17 milyard dollar.
Bu ilin iyun ayında bir qrup İsveçrə bankı istiqraz sahibi Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində İsveçrə hökumətinə qarşı iddia qaldırıb.
Qəzetin yazdığına görə, AllianceBernstein” İsveçrə hakimiyyətindən itirilmiş vəsaitə görə 225 milyon dollar məbləğində təzminat tələb edəcək.