Güzəştlər mümkünsüzdürbackend

Güzəştlər mümkünsüzdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının tarixi Qələbəsi regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biridir. Prezident İlham Əliyev öz çıxışlarında bu fikri dəfələrlə açıq şəkildə səsləndirmişdir. Əlbəttə ki, sözügedən mesaj daha çox xarici auditoriyaya ünvanlanıb. Bu həm də regionumuzda “maraqları” olan dövlətlərə geosiyasətlərində düzəlişlər etmələrinə dair açıq çağırışdır. Heç şübhəsiz ki, bu cür mesajların səsləndirilməsini mümkün edən xalqın mütləq dəstəyi, güc amili və dönməz siyasi iradədir. 

NOCOMMENT.az xəbər verir ki, tarixin bütün dövrlərində regionumuz özünü “super güc” hesab edən ölkələr üçün daim diqqət mərkəzində olub. Əlbəttə, geosiyasi strategiyalar kontekstində “diqqət mərkəzində olmaq” kimi söz birləşməsi olduqca yumşaq ifadədir. Çünki “super güclərin” geosiyasətlərinin diqqət mərkəzində olmaq daim təxribat və təhrikedici hərəkətlərə məruz qalmaq deməkdir. Xüsusilə Qələbədən sonra bu adi geosiyasi aksiomun doğruluğunu biz daha aydın şəkildə görürük.

Tarixi Qələbəmiz yeni reallığın tərkib hissəsidir. Prinsipial olaraq vurğulamalıyıq ki, formalaşan yeni reallığın səbəbkarı xarici ölkələr və ya beynəlxalq təşkilatlar deyil. Tam əksinə, onlar 30 il davam edən vəziyyəti və işğal faktını daha neçə illər “dondurub” saxlamaq niyyətində idilər. Əks halda, BMT-nin məlum qətnamələri bu müddət ərzində kağız üzərində qala bilməzdi. Odur ki, yeni reallığın müəllifi və səbəbkarı məhz Azərbaycan xalqıdır. Qələbəmizin nəticəsində üç onillik ərzində bəzi ölkələrin regionumuzda mövcudluğuna səbəb və şərait yaradan münaqişəyə son qoyuldu. Odur ki, “yeni reallıq” Qərbin maraqlarına cavab verməyən geosiyasi amildir. Bu səbəbdən heç də təəccüblü və təsadüfi deyil ki, beynəlxalq təşkilatlar “yeni reallığı” görməzdən gəlməyə çalışırlar.

Əslində Qərb siyasətçiləri və analitikləri Azərbaycanın onlar üçün geostrateji əhəmiyyət daşıdığını və ölkəmizə olan özəl marağını heç zaman gizlətməyiblər. Qərbin ölkəmizə bu cür tarixi münasibətinin məzmun etibarilə mahiyyətini Zbiqnev Bjezinski məşhur “Böyük şahmat lövhəsi” əsərində çox gözəl ifadə edib. Əlbəttə ki, regionda öz mövcudluğunu qoruma məsələsi Qərb geosiyasətinin strateji maraqlarına daxildir və bu fikir bizim üçün heç də yenilik deyil. Sözügedən geosiyasi həqiqət bütün təhlil və mülahizələrdə nəzərə alınmalıdır.

Prezident İlham Əliyevin dövlət siyasətinin xüsusiyyətlərini və son dövrlərdə əldə olunmuş inanılmaz nailiyyətləri nəzərə alaraq əminliklə deyə bilərik ki, “Qərbi Azərbaycan” mövzusu da öz növbəsində regionumuzda formalaşan həmin o yeni reallığın ayrılmaz parçasıdır. Heç şübhəsiz ki, Qərbi Azərbaycan İcmasının (QAİ) yaradılması son bir neçə il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir. İcma sözün əsl mənasında, ölkəmizin xarici siyasətində alternativ gündəm yarada bilib. Qısa müddətdə bir çox siyasi hədəfə nail olmuş QAİ işlək və effektiv siyasi mexanizmə çevrilməyə müvəffəq olub. Cəmi bir neçə aylıq fəaliyyətin nəticəsində İcma öz siyasi məzmunu ilə, sözün əsl mənasında, rəsmi İrəvana alternativ təzyiq mexanizminə çevrilib. İcmanın tədbir, bəyanat və müraciətləri artıq beynəlxalq təşkilatların gündəliyinə və protokollarına daxil edilir. İcmanın danılmaz uğurları sülh danışıqları prosesinə fərqli tonallıq qatır.

“Qərbi Azərbaycan”ın formalaşan yeni reallığın bilavasitə davamı olduğunu biz bir daha bu il dekabr ayının 5-də Bakıda keçirilmiş Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans zamanı səsləndirilmiş çıxışlarda görə bildik. Qeyd edək ki, İcmanın təşkilatçılığı ilə keçirilmiş sözügedən tədbirdə 51 ölkə təmsil olunmuşdur. Çox uzağa getməyək, cəmi 5-6 il öncə kimsə təsəvvür edə bilərdi ki, “Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş beynəlxalq tədbir keçiriləcək və bu tədbirə dünyanın 51 ölkəsi heç kimdən çəkinmədən böyük maraq göstərəcəkdir? İcma tərəfindən təşkil olunmuş tədbirdə bu qədər ölkənin təmsil olunması və  müvafiq müraciətlərin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının rəsmi protokollarına salınması həm də o deməkdir ki, “Qərbi Azərbaycan” de-yure artıq regionun yeni reallığıdır və sözügedən təsbit danılmaz faktdır.

Bəli, artıq deyə bilərik ki, “Qərbi Azərbaycan” mövzusu beynəlxalq gündəliyin tərkib hissəsidir. Əlbəttə ki, sözügedən məsələ öz-özlüyündə ölkəmizin növbəti diplomatik uğurunun bilavasitə təcəssümüdür. Tədbirin rəsmi açılış mərasimində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilən Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciətində öz əksini tapmış növbəti fikrə diqqət yetirək: “Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar… Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir”.

Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə ünvanlanmış bu sözlərinin arxasında nə dayanır? Dövlət Başçısı açıq şəkildə bildirir ki, indiki Ermənistan ərazisi, əslində Qərbi Azərbaycandır. Birincisi, bu o deməkdir ki, Azərbaycan həm Qalib ölkə olaraq, həm tarixi ədalət baxımından artıq Ermənistana heç bir güzəştə gedə bilməz və sülh müqaviləsinin mətni heç bir halda siyasi auksion predmeti ola bilməz.  Digər tərəfdən, Azərbaycanın haqlı olaraq Ermənistan qarşısında qaldıra biləcəyi iddia ilə heç bir digər iddia müqayisə oluna bilməz. Odur ki, Qərbin hiylə və “inadkarlığına” rəğmən sülh müqaviləsinin mətni heç bir halda manipulyasiya alətinə çevrilməməlidir, əks halda rəsmi İrəvan Azərbaycanın irəli sürə biləcək şərtlərinin altından salamat çıxa bilməz. Prezident İlham Əliyevin yuxarıda qeyd olunan fikirləri və bu cür yanaşma əsla təhdid deyil, bu, Qərbin dünyanın bəzi regionlarında nümayiş etdirdiyi yanaşmaya adekvat olan mövqedir.

Prezidentin növbəti sözləri də bilavasitə beynəlxalq ictimaiyyətə ünvanlanıb: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.” Deyə bilərik ki, Dövlət Başçısının bu sözləri beynəlxalq ictimaiyyətin “gözlərini açır” və yaşanan problemlərin əsl qaynağını göstərir. Ermənistanın silahlandırılmasına göstərilən dəstəyə və bir ölkənin konstitusiyasında digər ölkənin suveren ərazisinə açıq iddiaların mövcudluğuna göz yuman beynəlxalq təşkilatlar artıq qlobal və obyektiv arbitr statusunu de-fakto itirmiş olurlar. Bu cür faktlara göz yumulması sadəcə beynəlxalq riyakarlığın təzahürü deyil, bu cür hallar beynəlxalq münasibətlər sisteminin format olunmasına ehtiyacdan  və  bunun qaçılmazlığından xəbər verir.

Öz davranışları ilə münaqişənin təkrar alovlanmasını təhrik edən beynəlxalq təşkilatların statusu və qəbul etdikləri qərarların obyektivliyi mübahisə predmeti olmaya bilməz. Görünür Prezidentin bu cür mövqeyi Qərbi çox narahat edir və son zamanlar ölkənin daxili məsələlərinə müdaxilə  cəhdlərinin artmasına şahidlik etməyimiz də təsadüfi deyil. Təəssüf ki, onların bu cür niyyətlərində alət kimi istifadə olunanlar məhz bizim bəzi siyasətbazlarımızdır. Halbuki, əsas mövzu milli maraqlarımız olan yerdə heç bir güzəştdən söhbət gedə bilməz və bu cür məsələlərdə sərt mövqeyin nümayişi zərurətdir.

politoloq Asif Adil