Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi – ANALİZbackend

Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi nəhayət, ötən həftə məntiqi sonluğuna çatdı. Suriyanın siyasi tarixində dərin iz buraxmış Əsəd ailəsinin 53 illik, Baas partiyasının isə 61 illik hakimiyyətinə son qoyuldu. 2011-ci ildə – “Ərəb baharı” dalğasının bir hissəsi kimi ölkədəki avtoritar idarəçiliyə qarşı xalq narazılıqları ilə başlayan etirazlar tədricən bölgədəki ən mürəkkəb və qlobal təsir gücünə malik böhranlardan birinə çevrilib. İlkin olaraq daxili siyasi böhran kimi görünən bu münaqişə, qısa müddətdə müxtəlif qrupların, regional güclərin və beynəlxalq aktorların iştirak etdiyi çoxsəviyyəli müharibəyə səbəb olub, güc balansını pozub. Bu prosesdə Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması, Suriya Milli Ordusu, kürdlərin Milli Birlik Partiyası – PYD, onun hərbi qanadı YPG qüvvələri və digər qruplaşmalar arasında ərazilərə və strateji məntəqələrə nəzarət uğrunda mübarizə başlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, sonrakı müddətdə ABŞ, Rusiya və Türkiyə kimi beynəlxalq aktorların iştirakı ilə münaqişənin miqyası böyüyüb. ABŞ regionda kürdləri dəstəkləmək və İŞİD-ə qarşı mübarizə aparmaq, Rusiya Bəşər Əsədi hakimiyyətdə saxlamaq, Türkiyə isə sərhədlərin təhlükəsizliyini təmin etmək və PKK ilə əlaqəli qüvvələri məhdudlaşdırmaq üçün Suriyaya müdaxilə edib. Bundan ən çox əziyyət çəkənlər isə sadə insanlar olub. Belə ki, münaqişə dağıdıcı humanitar nəticələr doğurub, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlara humanitar yardım isə bölgədəki gərginlik səbəbindən məhdudlaşdırılıb.

Suriyada on ildən artıqdır ki, davam edən münaqişə, ölkə daxilində müxtəlif güc mərkəzləri arasında davamlı mübarizə ilə xarakterizə olunur. Bu münaqişənin əsas aktyorları Bəşər Əsəd rejimi, Heyət Təhrir əş-Şam qruplaşması, Suriya Milli Ordusu və kürd silahlı qüvvələridir. Hər bir qrupun münaqişədə fərqli məqsədləri, strategiyaları və xarici dəstəkçiləri mövcuddur ki, bu da ölkədəki güc balansını daima dəyişib, hərbi qarşıdurmaların sona çatmasını çətinləşdirib. Bu illər ərzində Suriya hakimiyyəti ölkənin əhəmiyyətli hissəsinə nəzarət etməyi bacarıb, bunun üçün İran və Rusiyadan hərbi və maliyyə dəstəyi ilə alıb, həm daxili, həm də beynəlxalq səviyyədə mövqelərini gücləndirib. İran Bəşər Əsəd rejimini bölgədəki strateji maraqlarının qorunması üçün əsas tərəfdaş hesab etdiyindən onu həm siyasi, həm də hərbi səviyyədə dəstəkləyib. Rusiya isə rejimin beynəlxalq səviyyədə legitimliyini qorumaq və Suriyadakı hərbi bazalarını təmin etmək məqsədilə ona güclü hərbi dəstək verib. Odur ki, hakimiyyət hərbi əməliyyatlar vasitəsilə müxalif qüvvələri zəiflədib, Suriyanın Dəməşq, Hələb və Hama kimi böyük şəhərlərini yenidən nəzarət altına alıb. Bununla belə, ölkənin şimal-qərbinə nəzarət rejim üçün hələ də ciddi problem olaraq qalıb.

Heyət Təhrir əş-Şam qruplaşmasına gəlincə isə o Suriyada fəaliyyət göstərən ən güclü silahlı müxalifət qruplarından biridir və ölkənin əsasən İdlib vilayətində mövqelərini qoruyur. Qruplaşma radikal dini ideologiyaya əsaslanır və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınır. Onun məqsədi Suriyada İslam dövləti qurmaqdır. Qrup hərbi gücü və təşkilatlanması ilə müxalifət düşərgəsində ən təsirli qüvvələrdən birinə çevrilib. O, həm rejimin qüvvələri ilə, həm də digər müxalif qruplarla intensiv mübarizə aparır. Bununla belə, Heyət Təhrir əş-Şamın daxilində müəyyən gərginlik mövcuddur və onun uzunmüddətli fəaliyyətini şübhə altına qoyur.

Suriya Milli Ordusu isə əsasən Türkiyənin dəstəklədiyi müxalif qüvvələrdən ibarət bir koalisiyadır. Bu qrup Suriyanın şimalında rejimə və kürdlərin Milli Birlik Partiyasına qarşı mübarizə aparır. Türkiyənin məqsədi sərhəd bölgələrini təhlükəsiz saxlamaq və PYD-nin təsirini məhdudlaşdırmaqdır. Suriya Milli Ordusu xüsusilə “Fərat qalxanı” və “Barış Pınarı” əməliyyatlarında Türkiyənin əsas müttəfiqi kimi fəaliyyət göstərib. O müxtəlif müxalif qrupların birləşməsindən formalaşdığı üçün daxildə bir sıra çətinliklərlə üzləşir, buna baxmayaraq şimalda xeyli ərazini nəzarətdə saxlayır.

YPG Suriyanın şimal-şərqində fəaliyyət göstərir və ABŞ-ın dəstəyi ilə güclü mövqelər əldə edib. Qrupun əsas məqsədi Suriyanın şimalında muxtariyyət əldə etməkdir və onlar İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən güclü müttəfiqi olub. Bununla belə, Türkiyə bu qüvvəni Kürd Fəhlə Partiyası – PKK-nın davamı hesab edir və onun təsirini məhdudlaşdırmaq üçün müxtəlif hərbi əməliyyatlar həyata keçirib. Hazırda kürdlərin Milli Birlik Partiyası özünüidarəetmə strukturlarını gücləndirmək üçün çalışır və həm rejimin qüvvələri, həm də Türkiyə ilə qarşıdurma vəziyyətindədir.

ABŞ-ın Suriyadakı əsas maraqları terrorizmə qarşı mübarizə aparmaq, xüsusilə İŞİD-i məğlub etmək və bölgədəki strateji mövqelərini qorumaqdır. Rəsmi Vaşinqton bunun üçün YPG-ni dəstəkləyir, onlarla sıx əməkdaşlıq edir, kürdlərin Milli Birlik Partiyasını Suriyada sabitliyin təminatçısı kimi görür və bu qüvvələr vasitəsilə Suriyanın şimal-şərqində nəzarət etdiyi ərazilərdə muxtariyyət yaratmağa çalışır.

ABŞ-ın kürdlərə dəstəyi Türkiyə ilə münasibətlərdə ciddi gərginliyə səbəb olub. Türkiyə YPG-ni PKK-nın davamı hesab edir və milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür. Son nəticədə kürdlərə hərbi və maliyyə yardımları, Vaşinqton və Ankara arasındakı strateji tərəfdaşlığı zəiflədib. Bundan başqa, ABŞ-ın Suriya siyasətindəki qeyri-müəyyənlik, məsələn, qoşunların Suriyadan çıxarılması ilə bağlı qarışıq mesajlar, bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.

Rusiya isə Suriyadakı münaqişədə Bəşər Əsəd rejiminin əsas beynəlxalq müttəfiqi olub. Şimal qonşumuzun hərbçilərinin 2015-ci ildə postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat hesabına Suriyadakı rejimin mövqeləri güclənib və hakimiyyətin dağılmasının qarşısı alınıb. Rusiyanın Suriyadakı əsas maraqları hərbi-strateji və iqtisadi xarakter daşıyır. Tartus və Hmeymimdəki hərbi bazaları Rusiyanın Aralıq dənizindəki strateji maraqlarını qorumaq üçün həyati əhəmiyyətə malikdir. Odur ki, rəsmi Moskva Bəşər Əsəd rejiminin siyasi və hərbi mövqelərini qorumaq üçün hərbi əməliyyatlara və hava hücumlarına geniş şəkildə dəstək verib, eyni zamanda, Moskva, münaqişənin həlli üçün danışıqlar masasında qalmaq istədiyindən Astana prosesi kimi təşəbbüslərdə fəal iştirak edib.

Türkiyə Suriya Milli Ordusuna dəstək verərək, bu ölkənin şimal bölgələrində “təhlükəsiz zonalar” yaratmağa çalışır. Fərat Qalxanı, Zeytun Budağı və Barış Pınarı kimi hərbi əməliyyatlar vasitəsilə Türkiyə PYD və YPG-nin sərhəd bölgələrində mövqelərini zəiflədib və qaçqınlar üçün təhlükəsiz ərazilər yaratmağa çalışıb. Bununla yanaşı, Türkiyə, Suriyanın şimal-qərbindəki İdlib bölgəsində mövqelərini qorumaq üçün aktiv hərbi fəaliyyət göstərir.

Bu arada, Türkiyə-Rusiya münasibətləri Suriyada maraqlı bir dinamikaya malikdir. İki ölkə müəyyən məsələlərdə əməkdaşlıq etsə də, İdlibdəki vəziyyət və kürd silahlılar kimi mövzularda gərginlik davam edir. Rəsmi Ankaranın Astana prosesində iştirakı onun Suriyadakı güclü mövqeyini göstərsə də, Moskva ilə davamlı rəqabətə səbəb olur.

Rusiyanın Ukrayna ilə apardığı müharibə birincinin hərbi və maliyyə resurslarını əhəmiyyətli dərəcədə azaltdığından rəsmi Moskva Bəşər Əsəd rejiminə verdiyi dəstəyi məhdudlaşdırmağa, Suriyadakı bəzi hərbi qüvvələrini Ukraynaya yönəltməyə məcbur olub. Bu isə Suriyadakı rejimin həm müxalif qüvvələr, həm də regional güclər qarşısında zəifləməsinə gətirib çıxarıb. Bununla da, münaqişənin mərkəzi olan Şam şəhəri ətrafındakı hərbi qüvvələrin müdafiə potensialının azalması rejimə qarşı daxili təzyiqləri nəzərə çarpacaq dərəcədə artırıb.

İran Bəşər Əsəd rejiminin əsas regional müttəfiqi kimi çıxış etsə də, onu həm siyasi, həm də hərbi səviyyədə dəstəkləsə də, son vaxtlar İsraillə artan qarşıdurma fonunda Suriyadakı təsir gücü zəifləyib. İsrail İranın Suriyada qurduğu hərbi infrastrukturu birbaşa təhlükə kimi qiymətləndirir və bu mövqelərə hava zərbələri endirməkdə davam edir. Son nəticədə İranın Suriyadakı fəaliyyəti məhdudlaşıb və rəsmi Tehran diqqətini sərhədlərinin təhlükəsizliyinə yönəldib. Eyni zamanda, İranın daxilindəki siyasi narazılıqlar və iqtisadi çətinliklər onun Suriyadakı rejimə davamlı dəstək göstərməsini çətinləşdirib, Şamda rejimin daha da təcrid olunmasına gətirib-çıxarıb.

Son illər İranla yanaşı, Rusiyanın da diqqətinin başqa münaqişələrə yönəlməsi Əsəd rejiminin Şamdakı nəzarətini ciddi şəkildə zəiflədib. Müxalif qüvvələr, xüsusilə Heyət Təhrir əş-Şam və Suriya Milli Ordusu rejimin zəifləyən mövqelərindən istifadə etməyə, daxili müdafiə xətlərini sarsıdan əməliyyatlar həyata keçirməyə çalışıb. Onların irəliləməsi və beynəlxalq güclərin göstərdiyi təzyiqlər, rejimin sıradan çıxmasını sürətləndirib.

Bəşər Əsəd devrilsə də, Suriyada vəziyyətin düzəldiyini, münaqişəyə son qoyulduğunu demək olmaz. Eskalasiyalar nəticəsində artan mülki itkilər, qaçqın axını və infrastrukturun məhv edilməsi ölkənin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirir. BMT və digər beynəlxalq təşkilatların göstərdiyi humanitar yardımlara baxmayaraq, təhlükəsizlik problemləri bu yardımların effektivliyini məhdudlaşdırır. Nəticə olaraq, münaqişənin həlli üçün kompleks və davamlı diplomatik səylər tələb olunur. Ölkədə bütün hərbi qarşıdurmaların sona çatması və sülhün bərqərar olunması, yalnız daxili qüvvələr arasında dialoq və beynəlxalq səviyyədə genişmiqyaslı əməkdaşlıq hesabına mümkün ola bilər. Lakin indiki vəziyyət Suriyanın hələ uzun müddət qeyri-sabitlik içində qalacağını göstərir. Ölkənin gələcəyi, daxili və beynəlxalq aktyorların addımlarından, maraqlarının uyğunlaşdırılmasından çox asılıdır.