Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, amma Ermənistandan cavab yoxdur; Qərbin diktəsi ilə rəsmi İrəvan sülh pərdəsi arxasında hiyləgər plan hazırlayır
NOCOMMENT.az xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib. Amma hələ Ermənistandan bir cavab yoxdur.
Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin əsas şərti kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanın tələbini qəti şəkildə rədd edib. Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edib. Paşinyanın bu mövqeyi sülh müqaviləsinin bağlanması, həm də iki ölkə arasında sərhədin demarkasiyası prosesində irəliləyiş olacağı ilə bağlı şübhələr yaradır. Dalana dirənmiş bu vəziyyət təbii olaraq ortaya sual çıxır: bu qeyri-müəyyən vəziyyət hələ nə qədər davam edə bilər? Müharibənin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir.
Şərqi Avropa ölkələri üzrə ekspert, “AzadlıqRadiosu”nun jurnalisti Vadim Dubnov (Praqa) Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb: “Prinsipcə sülh müqaviləsi olmadan da yaşamaq mümkündür. Çünki sərhədlərin delimitasiyası, az-çox əhəmiyyəti olan çoxlu müxtəlif kiçik praktiki vacib məsələlər var. Onlar konkretdir və sülh müqaviləsi olmadan həyata keçirilə bilər”. Bu mənada bəzi ekspertlər Yaponiya-Rusiya nümunəsini də yada salırlar.
Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçirilməlidir. Paşinyan məhz bu seçkidən “salamat” çıxmağı hədəfləyir. Bu isə o deməkdir ki, ən azı iki il sülh müqaviləsini Azərbaycanın şərtləri ilə qəbulunu ləngitmək istəyəcək.