Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
NOCOMMENT.az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Bəxtiyar Hacıyevin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib. Proses yanvarın 6-na təxirə salınıb.
Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Ötən il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.