Rusiyanın silahlı birləşmələri son sutkada həm Ukrayna cəbhəsində, həm də Kursk vilayətində irəliləməyə nail olub.
NOCOMMENT.az UNİAN-a istinadən xəbər verir ki, irəliləmə Ukraynanın Donetsk vilayətində, xüsusilə Kuraxovo və Toretskdə, Xarkov vilayətində, eləcə də Rusiyanın Kursk vilayətində qeydə alınıb.
Ruslar Donetsk vilayətində Toretsk, Kuraxovo, Novovasilyevka, Slavyanka, Neskuchnı və Yantarnı yaxınlığında irəliləyib. Xarkov vilayətində Dvureçnayada irəliləmə əldə olunub. Bundan əlavə, Novoivanovkada və Kursk vilayətində Novaya Soroçina yaxınlığında da Rusiya ordusu irəli gedə bilib.
Məlumata görə, bir gün ərzində Rusiya Donetsk və Xarkov vilayətlərində üç yaşayış məntəqəsini – Lozovaya, İvanovka və Şevçenkonu bir anda ələ keçirib. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, ruslar Donetsk vilayətinin Kuraxovo yaşayış məntəqəsini və onun ətrafını tamamilə işğal edə bilib.
Hərbi ekspertlər onu da bildirir ki, ruslar artıq bir neçə bölməni Mirnoqrad yaxınlığındakı başqa əraziyə köçürür. Ehtimal ki, burada da rusların hücumlarının sayı artacaq.