İstintaq Komitəsinin müstəntiqləri Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin tərkibində Kursk vilayəti ərazisinə soxulmuş Paraqvaydan olan muzdluya qarşı terror aktı ilə bağlı cinayət işi açıb.
NOCOMMENT.az bu barədə TASS-a istinadən məlumat verir.
Departament qeyd edib ki, Karvallo Rusiya Federasiyası ərazisindəki silahlı münaqişədə muzdlu kimi iştirak edir. 2024-cü ilin oktyabrında avtomat atıcı və iriçaplı odlu silahlarla silahlanmış, partlayıcı qurğular və hərbi texnikadan istifadə edən Karvallo Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərək Kursk vilayətinin ərazisinə soxulub. O, əhalini qorxutmaq, külli miqdarda maddi ziyan vurmaq, dövlət orqanlarının fəaliyyətini pozmaq məqsədi güdərək dinc əhaliyə qarşı cinayətlər törədib.
“İstintaq Karvallonun harada olduğunu müəyyən etmək üçün tədbirlər görür. İstintaq zamanı bu cinayətlərin bütün halları müəyyən ediləcək və onun əməllərinə cinayət-hüquqi qiymət veriləcək”, – İstintaq Komitəsi yekunlaşdırıb.