Beynəlxalq birjalarda ABŞ dollarının aparıcı valyutalara qarşı bahalaşması davam edir. Bu gün Dollar İndeksi (ABŞ dollarının 6 aparıcı valyutaya qarşı ortaq məzənnə dəyərini ifadə edir – red.) bir qədər də yüksələrək 109,8 həddinə çatıb.
Birja analitikləri dolların hələ bir neçə gün bahalaşacağını proqnozlaşdırırlar. Ümumi rəy ondan ibarətdir ki, dollar yeni prezident Donald Trampın inaqurasiya mərasiminə, yəni yanvarın 20-nə kimi bahalaşacaq.
Lakin bu fikirlə razılaşmayanlar da çoxdur. Onların fikrincə, dolları bahalaşdıran amillər Trampla bağlı deyil. Belə ki, dollar 2024-cü ilin sentyabrın sonlarından bahalaşır və bahalaşma artıq dördüncü ayına keçib. Hesab olunur ki, dolları bahalaşdıran fundamental səbəblər var. Bu səbəblər arasında ABŞ iqtisadiyyatında maksoiqtisadi vəziyyətin yaxşılaşması, əvəzində Avropa İttifaqında iqtisadi vəziyyətin pisləşməsi göstərilir.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında dollarla bağlı yeni proqnozlar verib.
“Proqnoza əsasən deyə bilərik ki, dollar digər valyutalara nisbətdə möhkəmlənəcək. Avroya nisbətdə biz bunu artıq görə bilirik. Avro artıq zəifləyib. Eyni zamanda ABŞ səhmləri dedikdə yəni ABŞ şirkətlərinin buraxdığı qiymətli kağızlar burada nəzərdə tutulur. Donald Tramp indidən bəyan edir ki, hətta Avropa ölkələrinə, Qərb ölkələrinə qarşı da müəyyən fiskal addımlar atacaq. Bu addımlara gömrük rüsumlarının artırılması da aiddir. Bu atılacaq addımlar digər ölkələrdə bahalaşmaya gətirib çıxara bilər. Buna görə də investisiya üçün ən yaxşı seçimin ABŞ olması bir daha təsdiq oluna bilər. ABŞ-ın maliyyə alətləri daha etibarlı sayılacaq və bu baxımdan onların qiyməti artacaq”.
Ekspert xüsusilə qeyd edib ki, Azərbaycan üçün bu elə də böyük problem yaratmayacaq. Səbəb isə Azərbaycanın əsas valyuta ehtiyatlarının, habelə valyuta gəlirlərinin əsasən dollarda olmasıdır.
“Manatın məzənnəsinin dollarla demək olar ki, bağlanılıb. Yəni məzənnəsi sabitdir. Bu baxımdan dolların manata nisbətdə bahalaşması ehtimalı hər zaman olduğu kimi var amma bu ehtimal yüksək deyil”.