Boks məşqçisi hücuma məruz qaldı: çənəsini sındırdılar – Fotobackend

Boks məşqçisi hücuma məruz qaldı: çənəsini sındırdılar – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt Təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb.

NOCOMMENT.az bildirir ki, bu barədə idmançı Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə adi bir Tiktok videosu ilə başlayıb və daha sonra ciddi insidentə çevrilib.

Ramil Məmmədzadə öz tələbəsinin məşq prosesi zamanı idman ustası Rafael Ağayevlə çəkilmiş adi bir videosunun silinməsi ilə bağlı qəribə tələblə qarşılaşıb.

Ramil Məmmədzadə baş verənləri belə izah edib:

“Mənə tanıdığım bir şəxs zəng edib, tələbəmin Tiktok səhifəsindəki videonu silməsini tələb etdi. Tələbəmin nömrəsini istədi, verdim. Videoda qeyri-adi heç nə yox idi. Daha sonra həmin şəxs tələbəmə zəng edərək, ondan da eynisini tələb edib. Tələbəm isə Rafael Ağayevdən icazə almadan bunu edə bilməyəcəyini deyib. Rafael Ağayev özü videonun paylaşılmasına etiraz etməyib. Sonra mənə zəng edən həmin şəxsə zəng etdim və söhbətin nə ilə nəticələndiyini öyrənməyə çalışdım. Bundan sonra mənə qarşı təhqir və zorakılıq başladı. Məni görüşə çağırdı, getdim. Sumqayıt şəhərinin 33-cü məhəlləsində görüş münaqişəyə çevrildi”.

Məmmədzadənin sözlərinə görə, həmin şəxs qəfil zərbə ilə ona hücum edib və ağır bədən xəsarətləri yetirib:

“İlk zərbədən çənəm sındı, daha sonra gicgahımdan vurdu. Yıxılmağıma baxmayaraq, məni yumruqlamağa davam etdi. Yanında olan şəxslə birgə təhqir etdilər”.

Hadisə nəticəsində Məmmədzadənin sağlamlığı ciddi zərər görüb. O, yanvarın 9-da əməliyyat keçirib və 2 min manat xərc çəkib. Gözləri 30 faiz zəifləyib, başında davamlı ağrılar qalıb.

Məmmədzadə hadisədən sonra hüquqi yollarla ədaləti bərpa etməyə qərar verib. Hüquq-mühafizə orqanlarına müraciət edib və hadisədə təqsirli şəxs saxlanılıb.

Məmmədzadə bu hadisənin təsadüfi olmadığını və peşə fəaliyyəti ilə bağlı sifarişlə həyata keçirildiyini düşünür:

“Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm. Bunun müəyyən dairələrin xoşuna gəlmədiyi bəllidir. Boksun inkişafına mane olan şəxslər ölkənin idman siyasətinə xəyanət edir. Mənim məqsədim gəncləri sağlam həyata həvəsləndirməkdir, lakin bu fəaliyyətimə əngəllər yaradılır. Azərbaycan çempionatına dörd boksçu çıxardırdım, lakin mənə o qədər mane oldular ki, Sumqayıtdan idmançı çıxarda bilmədim, Bakı şəhərində boks klublarından birindən çıxartdım. Əlimdən gəldiyi qədər gəncləri, uşaqları idmana həvəsləndirməyə çalışıram. Balaca uşaqalara pulsuz məşqlər keçirəm. Bunlar isə mənə əngəl olur”.

Ramil Məmmədzadə bu hadisənin sifarişçisi barədə məlumat əldə etmək istəyir. Əgər hücumun sifarişçisi açıqlanarsa, şikayətini geri götürəcəyini bildirir. Onun əsas məqsədi düşmənini tanımaq və gələcəkdə belə təzyiqlərin qarşısını almaqdır.